SİZİN REKLAM BURADA!
055 213 76 73


Şuşaya tur təşkil edilir. Səfər zamanı Şuşa məscidi, Şuşa qalası və Daşaltı şəlaləsinə ekskursiyalar olacaq.

BAKU.WS xəbər verir ki, belə bir elan tur şirkətlərindən birinin sosial şəbəkə hesabında paylaşılıb.

Səfər üçün yerlərin məhdud olduğu, 18 yaşına çatmamış şəxslərin isə yalnız valideynləri ilə qoşula biləcəyi qeyd olunub.

Birgünlük tur üçün qiymətlər ekonom paketdə 45, səhər yeməyi daxil olan standart paketdə isə 55 manatdır. Elanın sorağına düşüb səhifədə qeyd olunan nömrə ilə əlaqə saxladıq. Zəng çatmadığı üçün bu dəfə vatsapdan yazmaq qərarına gəldik. Məlum oldu ki, turlar 52 nəfərlik avtobuslar ilə təşkil olunur. İyulun 9-na cəmi 1, 10-na isə 12 boş yer var. Ancaq bununla kifayətlənmir, şirkət iyulun 16-17-də də tur ilə Şuşaya yollanacaq.

Maraqlıdır ki, "yolumuzqarabaga.az" saytında həmin günlər üçün biletlərin tam satıldığı görünür. Tur şirkətinin nümayəndəsi ilə növbəti dialoqumuz da elə bu barədə oldu. Şirkət nümayəndəsi biletləri bu saytdan almadıqlarını, Daxili İşlər Nazirliyindən icazələrinin olduğunu, biletləri isə özlərinin hazırladıqlarını dedi.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, nazirlik tərəfindən işğaldan azad olunmuş ərazilərə ayrı-ayrı şirkətlər vasitəsilə turlar təşkil olunmur. Özünü tur şirkətinin əməkdaşı kimi təqdim edən şəxs barəsində isə hazırda araşdırma aparılır və məlumat veriləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov isə bildirdi ki, bu günə kimi belə hal ilə bir neçə dəfə rastlaşıblar. Bu cür turlar adətən saxta olur və vətəndaşların hisslərindən sui-istifadə edilir. O ki qaldı elanda qeyd olunan şərtlərlə, onların heç biri real qaydalar ilə üst-üstə düşmür.

Bilet məsələsinə gəldikdə isə, işğaldan azad olunmuş ərazilərə bileti almaq yalnız " yolumuzqarabaga.az" saytı vasitəsilə mümkündür: "Heç bir tur şirkəti özündən bilet düzəldə bilməz. Bu, tam qanunsuzdur".

BAKU.WS
VİDEO