SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.

BAKU.WS xəbər verir ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər.

Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.

Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olub. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırıb, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələyib, özünü isə kartof quyusunda diri-diri basdırıblar.

Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırlayırdılar.
Faciənin ağır müsibətlərini yaşamış, evləri viran qoyulmuş ağdabanlılar doğma kəndlərini tərk etmədilər. Ağdaban camaatı kəndi yenidən bərpa edib yaşamağa başladılar. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.

BAKU.WS
QALEREYA