Azərbaycanda qanunsuz balıq və quş ovlayan şəxslər saxlanıldı - VİDEO

Azərbaycanda qanunsuz balıq və quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Video
Hadisə 102

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz balıq və quş ovlayan şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhərində “Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan Lənkəran şəhər sakini Vüsal Səfərov tutulub. Baxış zamanı ona məxsus balıqovlama alətləri, qanunsuz olaraq tutduğu 70-ə yaxın balıq aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxsin balıqovlama biletinin olmadığı və qoruq ərazisində balıqları elektrik alətlərindən istifadə edərək ovladığı məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı İmişli rayonunda qanunsuz balıq ovu ilə məşğul olan Rafət Cəfərov saxlanılıb. Baxış zamanı onun adı “Qırmızı” kitaba düşən ovlanması qəti qadağan edilən nəsli kəsilmək üzrə olan Poru balıqlarını tutduğu məlum olub.

Qeyd edək ki, Poru balığının bir ədədinin tutulmasına görə müvafiq qanunvericilikdə 275 manat miqdarında cərimə sanksiyası nəzərdə tutulur.

Bundan başqa idarə əməkdaşları tərəfindən Ağstafa rayonunda keçirilən növbəti tədbir zamanı rayon sakini Qurban Musayev qanunsuz balıq ovlayan zaman saxlanılıb. Araşdırma zamanı bu şəxsin də elektrik avadanlıqlarından istifadə edərək qanunsuz olaraq balıq ovladığı məlum olub.

Qeyd edək ki, elektrik cihazları ilə tutulan balıqların istehlakı insanlarda müxtəlif növ xəstəliklərə səbəb ola bilər. Həmçinin, bu üsul balıqların kütləvi məhvi ilə nəticələndiyindən istifadəsi qəti qadağandır.

Başqa bir anoloji hadisə Saatlı rayonunda baş verib. Belə ki, rayonda çöl quşlarını müvafiq icazələri olmadan qanunsuz ovlayan şəxslər saxlanılıb. Onlardan qanunsuz ovladıqları müxtəlif növ quşlar, həmçinin, ov alətləri aşkar edilərək götürülüb.

Sonda qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda balıq tutmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin, qanun pozuntusuna yol verərək Xəzər dənizindən çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.

Son xəbərlər