Lənkəranda 3 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.
 
BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Əlizadə idarə etdiyi "VAZ-21099” markalı, 10 EG 472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.
 
"VAZ-21099”-un sərnişini, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər. Səbuhi Əliyev bu gün səhər saatlarında dünyasını dəyişib. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
  
Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinləri olan iki həmyerlisi – 1997-ci il təvəllüdlü Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerini tərk edərək istintaqdan yayınıblar. Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanması istiqamətində zəruri tədbirlər görülür.
 
Faktla bağlı araşdırma aparılır.  
 
BAKU.WS