“Əgər belə getsə, yəqin, metronu yenidən bağlayacaqlar”.

BAKU.WS xəbər verir ki, bu sözləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli dünən metroda maskaya görə polislə vətəndaşlar arasında yaranmış münaqişə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

Vətəndaşları daha məsuliyyətli olmağa çağıran Xalq artisti videonu izləyərkən təəssüf hissi keçirdiyini vurğulayıb:

“Biz qanuna əməl etməliyik. Əvvəla, bu qanun ancaq və ancaq vətəndaşlar üçündür. Onların sağlam olması, xəstəliyin yayılmaması üçündür. Elementar bir şeydir. Mən məəttəl qalıram. Videoda maskasız yekə kişilər, yaşlı qadın gördüm, ora bura qaçırdı. Əksinə, siz cavanlara başa salmalısınız ki, maskalar onlar üçündür. Bu, oyun deyil, polis öz vəzifəsini icra edir. Biz də vətəndaş borcumuzu bilməliyik. Axı bu, bizim üçündür. Mən çox qorxuram ki, ikinci dalğa gələcək.

Ona görə çağırıram, ay mənim əzizlərim, hamınıza qurban olum, maska taxın. Bu, vacibdir. Neyləyək ki, bu bəla bütün dünyanı əhatə elədi. Qanun varsa, onu icra etmək lazımdır. Milli Məclis qərar qəbul edib ki, 200 manat cərimə olacaq. 200 manat böyük puldu axı, özü də indiki vəziyyətdə. Ondansa bir maska geyinin. Heç puldan da söhbət getmir, özünüzün, yaxınlarınızın cansağlığı üçün maska geyinin, sosial məsafəni saxlayın. Ümidvaram ki, belə hadisələr gələcəkdə olmayacaq”.

BAKU.WS
VİDEO