SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu il aprelin 6-da Xaçmaz rayon Mərkəzi Xəstəxanasında aldığı bıçaq xəsarətlərindən şəhər sakini 27 yaşlı Etibar Cavadov vəfat edib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, araşdırmalarla məlum olub ki, cinayəti şəhər sakini 28 yaşlı Əhməd Yaqubov törədib.

Səhəri gün o saxlanılıb. İstintaqla müəyyən edilib ki, aprelin 6-sı saat 20 radələrində Əhməd Yaqubov yaşadığı evin yaxınlığında qonşuları Etibar Cavadov və Bəhlul Mirzəliyevlə rastlaşdıqda, əsaslı səbəb olmadan onları təhqir edib.

Üzərindəki mətbəx bıçağı ilə qəflətən Etibar Cavadova iki dəfə zərbə endirərək öldürüb.

Əhməd Yaqubov bildirib ki, son zamanlar yuxusu pozulduğu üçün və onda psixi gərginlik yarandığından xəstəxanaya müraciət edib, həkim tərəfindən ona güclü təsiredici və sakitləşdirici dərmanlar yazılıb.

Ümumiyyətlə uzun illər yuxusuzluqdan əziyyət çəkib, bəzən əsəbindən hərəkətlərini idarə edə bilməyib evdəki əşyaları sındırıb, həmçinin bilək nahiyələrini də bir neçə dəfə ülgüclə kəsib.

Etibar Cavadovu uşaqlıq illərindən tanıyıb, aralarında həmişə yaxşı münasibət olub.

Aprelin 6-da gün ərzində evdə olub, ara-sıra küçəyə çıxıb siqaret çəkib, saat 15 radələrində sakitləşmək məqsədi ilə 8 həb dərman qəbul edib, halbuki həkim reseptinə əsasən günə 1 həb qəbul etməliydi.

Saat 20 radələrində mətbəx bıçağını da götürərək çölə çıxıb. Evdən təxminən 50 metr aralandıqdan sonra qonşusu Etibar Cavadovla rastlaşıb.

Etibar zarafatca yanına çağırıb, onu lağa qoymağa başlayıb. Dərmanın təsirində olduğundan özündə olmayıb, Etibarın sözləri ona pis təsir edib və bu səbəbdən aralarında mübahisə başlayıb.

Cavadovun fiziki cəhətdən ondan güclü olduğunu görüb, cəld cibindən bıçağı çıxarıb və ona 2 zərbə vurub. Birinci zərbə sol qoluna, ikincisi döş qəfəsinin sol tərəfinə dəyib.

Zərbələrdə sonra Etibar yerində qalıb, Əhməd isə qaçıb. Gecə saatlarında polis əməkdaşları yerini öyrənib, onu saxlayıblar.

Şahid Bəhlul Mirzəliyev ifadəsində bildirib ki, Etibar Cavadovla birlikdə evlərinə tərəf gələrkən qarşılarına Əhməd Yaqubov çıxıb.

Etibar Əhmədlə salamlaşsa da, sonuncu dayanıb, səbəb olmadan hər ikisini təhqir edib. Əhmədlə Etibar üz-üzə dayanıb, əlində saxladığı alətlə qəflətən dostunu vurub və onlardan aralanıb.

Yolda Etibar Əhmədin onun əlini bıçaqla kəsdiyini deyib, o sərbəst şəkildə evinə kimi gedib.

Bir qədər sonra yenidən Cavadovu çağırmağa gedəndə, sonuncunun əmisi küçəyə çıxıb Etibarın evdə ağır vəziyyətdə olduğunu deyib.

Onu xəstəxanaya çatdırsalar da, bir neçə dəqiqədən sonra dostu reanimasiya şöbəsində ölüb.

Şahidin sözlərinə görə, hadisə zamanı Etibar özü də bıçağın onun bədəninə dəyməsini hiss etməyib. Yalnız evdə paltarını soyunduqdan sonra kəsici alətin döş qəfəsinə daxil olmasını bilib.

Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə görə, Əhməd Yaqubov cinayət əməlini törətdikdən sonra həbsdə və istintaq təcridxanasında saxlanıldığı müddət ərzində onda «Paranoid şizofreniya» formasında psixi xəstəliyin kəskinləşməsi baş verib.

Buna görə də o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil.

Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Əhməd Yaqubov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin olunsun.

Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin.

BAKU.WS
VİDEO