SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İyulun 31-də Hacıqabul rayonunda ölkəni şoka salan cinayət hadisəsi baş verdi.

BAKU.WS teleqraf.com-a istinadən bildirir ki, həmin gün saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirildilər.

Ailənin digər üzvü Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Cinayəti törədən Mübariz Mehtiyev isə odlu silahdan atəş açaraq özünü öldürüb.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.

Moskvada başlayan mübahisə

Rəsmi məlumata görə, əvvəllər məhkum olunmuş Mübariz Mehdiyev şəxsi münasibətlər zəminində Məmməd Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gəlib. O, odlu silahdan atəş açaraq Məmməd Qəmbərovu qəsdən öldürməyə cəhd edib və ailə üzvlərini öldürüb.

Qətliamın motivi isə Mübariz Mehdiyevlə Moskvada bizneslə məşğul olan, "Moskva Natiq" kimi tanınan Natiq Qəmbərov arasında Rusiyada başlamış ədavətdir.

Ünvanı səhv salan qatil

Qəmbərovlar ailəsinin üzvlərini qətlə yetirən Mübariz Mehdiyevin hədəfi əslində Natiq Qəmbərov və onun ailə üzvləri olub.

Lakin Natiq Qəmbərovun atası Məhəmməd Qəmbərovla qardaşı Natiq eyni həyətdə tikilmiş ayrı-ayrı evlərdə yaşadıqlarından qatil yanılıb. Natiq Qəmbərovun atasının evinə girmək əvəzinə əmisinin evinə girib və qarşısına çıxanları güllələyib.

Qeyri-rəsmi məlumatlara görə, Mübariz Mehdiyev lüləsi kəsilmiş ov tüfəngini üzərində gizlədərək evə girib. O, əvvəlcə həyətdə Moskva Natiqə məxsus olan "Mercedes ML" markalı "cip"ə od vurub.

Haraya qaçan yaralı

Evin sahibi - Moskva Natiqin atası Məhəmməd Qəmbərov səsə həyətə çıxıb, bu zaman Mübariz Mehdiyev Məhəmməd Qəmbərova atəş açaraq onu yaralayıb. Yaralı dərhal darvazadan həyətə qaçıb və evlərindən bir qədər aralıda yerləşən Təcili Tibbi Yardım Stansiyasına özünü çatdırıb. Elə polisə də Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məhəmməd Qəmbərovu yaralayandan sonra qatil Moskva Natiqi öldürmək üçün yanlış olaraq onun əmisinin evinə girib. Əli silahlı qatil evdə qarşısına çıxanı atəşə tutub.

Qatil yaralı vəziyyətdə niyə təslim olmadı?

Polislər az sonra hadisə yerinə gəlib və Mübariz Mehdiyev evin damından həyətin arxa tərəfinə düşərək qaçmağa çalışıb. Amma polislərlə atışmada yaralanıb. İddia olunur ki, yaralandığı üçün Mübariz Mehdiyev ələ sağ keçməmək üçün özünü vurub.

Avara, dəfələrlə məhkumluq həyatı və qatil damğası

Qonşuları və tanışları tərəfindən qatil Mübariz Mehtiyevin haqqında xoşa gələn fikirlər səsləndirən olmayıb. Cinayəti törədən Mübariz avara, dəfələrlə məhkumluq həyatı yaşayan şəxs kimi qələmə verilib.

Avara, dəfələrlə məhkumluq damğası alan Mübarizin Rusiyada da məhkum olunduğu deyilir. Onun barəsində Rusiyada reketçilik etməsi, bazarda alver edən həmyerlilərimizdən "haqq" alması kimi ifadələr də səslənir.

Rusiyada yaranan mübahisə

Mübariz Mehdiyevin Moskvada Natiq Qəmbərovla ədavətinin səbəbi də məlum deyil. Rəsmi məlumatlarda bu mübahisə ilə bağlı hər hansı bir məlumat yer almayıb. Amma iddia olunur ki, onların Rusiya bazarlarından yığılan pulları bölə bilməməsi belə cinayətin törədilməsinə gətirib çıxarıb.

Rusiya bazarlarında Moskav Natiq ləqəbi ilə tanınan Natiq Qəmbərovun hadisə vaxtı evdə olduğu, amma gizləndiyi üçün sağ qaldığı deyilir. Qatil Natiq Qəmbərovun yox, onun əmisinin evinə girdiyi üçün onu öldürə bilməyib.

İki hacıqabullunun Rusuiyada davası

Yayılan məlumatlara görə, bir müddət əvvəl Rusiyada Mübariz Mehdiyevlə Natiq Qəmbərovun arasında mübahisə yaranıb. Münaqişə zamanı Natiq Qəmbərov və onun tərəfdarları Mübariz Mehdiyevi möhkəm döyüb, ağır xəsarətlər yetiriblər.

Bu hadisədən sonra Natiq Qəmbərov Hacıqabula, atasının evinə gəlib. Mübariz Mehdiyev də Azərbaycana qayıdıb və düşməninin Hacıqabulda olduğunu biləndə ondan qisas almaq qərarına gəlib. Bütün bu qanlı hadisələr Moskvada iki hacıqabullu arasında başlayan münaqişənin nəticəsi olaraq baş verib.

Əli silahlı qatilin bir evdən digər evə keçmək istəyi olub. Onun Natiq Qəmbərovun evdə olmasına əmin olduğu deyilir. Qatilin Natiq Qəmbərovu öldürməklə ondan qisas almaq niyyəti aydın olur.

Qatilin sonuncu gülləsi

Amma qatilin Natiq Qəmbərovu öldürə bilməməsinə səbəb polis əməkdaşlarının təcili olaraq evə gəlməsi olub. Polislərin ora gəlməsində isə Natiq Qəmbərovun atasının rolu olub. Yaralı Məhəmməd Qəmbərovun özünü xəstəxanaya çatdırması və polisin bu hadisədən dərhal məlumatlandırılmasına görə Mübariz Mehdiyevi cinayəti tam başa çatdıra bilməyib.

Polislərin gəldiyini görən qətliam iştirakçısı hasardan aşaraq qaçmaq istəyərkən polislərin xəbərdarlıqlarına məhəl qoymayıb. Bu səbəbdən polislər ona atəş açıblar. Yaralı Mübariz Mehdiyev sonuncu gülləsini özünə vurub.

"Dəli Mübariz" ləqəbli avtoritet

Bir ailənin 5 üzvünü qətlə yetirdikdən sonra özünü öldürən Mübariz Mehdiyev kriminal aləmdə Dəli Mübariz ləqəbi ilə xüsusi nüfuz sahibi olub. Psixi xəstəlikdən əziyyət çəkdiyindən 1993-cü ildə Salyan rayonunun Şorsulu kəndində yerləşən rayonlararası nevroloji xəstəxanaya yerləşdirilibmiş.

Deyilir ki, Mübariz Mehdiyev gəncliyində imkanlı ailənin övladı olub, sovet dövründə atası Hacıqabulda məsul vəzifədə çalışırmış. Hətta onun "oturub-durduğu" şəxslərin bir çoxu Moskvada azərbaycanlılar arasında baş vermiş "razborka"ların iştirakçısı və qurbanı olublar.

Toy olacaqdı...

Qeyd edək ki, hadisə zamanı öldürülən ailənin gənc üzvü, 1988-ci il təvəllüdlü Namiq Qəmbərovun yaxın günlərdə nişan mərasimi olub. Ailə onun toy mərasiminə hazırlaşıb. Namiq Qəmbərovun ilin sonuna kimi toyunun olacağı gözlənilirmiş.

Kriminal aləmə yaxınlığı ilə seçilən şəxslərə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güclü mübarizə aparılır.

2015-2016-cı illərdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən respublikamızın ayrı-ayrı rayonlarında keçirilən əməliyyatlar zamanı bir çox kriminal aləmə yaxınlığı ilə seçilən şəxslərin həbs edilməsi, onların qanunsuz hərəkətlərinin qarşısının alınması təmin edilib.

Buna baxmayaraq, iyulun 31-də Hacıqabul rayonunda olduğu kimi, əvvəllərdə özlərini kriminal aləmin nümayəndəsi kimi təqdim edən şəxslərin arasında yaranan mübahisə sonda ağır cinayətlərin baş verməsinə səbəb olur.

Şirvanlı avtoritetlərin "razborkası"

Belə hadisələrdən biri, 2015-ci ilin noyabrında Şirvan şəhərində kriminal avtoritetlər arasında baş verən mübahisə ağır cinayətlə nəticlənmişdi. Noyabrın 5-də saat 23.00-da Şirvan şəhərinin mərkəzi prospektində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib.

Verilən məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə "Makarov" tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.

Məlumata görə, mübahisə noyabrın 5-də baş tutan və "Makarov" tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Sarıbalayev və kriminal aləmdə Krutoy Elvin kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətllə sonuclanan "razborka"nın davamıdır.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Salmanov, 1989-cu il təvəllüdlü Əli Ağami, 1989-cu il təvəllüdlü Abdulla Hüseynov və 1985-ci il təvəllüdlü Tural Salmanov həbs edilib.

Qan tökülsə də, "razborka" səngimək bilməyib. 2 gün əvvəl - noyabrın 19-da qətlə görə həbsə alınan Əli Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Zaur Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb.

Məlum olub ki, bu qəza da həmin qanlı "razborka"dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini "Maqa" ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq-mühafizə orqanlarına, DİN 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib.

Mahir Tahir oğlu evində Zaur Ağamiyə bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan Mahir Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Zaur Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub. Sonra isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin "vosmoy" deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal "razborka"ya çağırıldığı haqda da məlumat var.

Bildirilir ki, Zaur Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu "razborka" məkanından qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.
Qeyd edək ki, Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.
Xatırladaq ki, hadisə zamanı qətlə yetirilən Zaur Sarıbalayev kriminal aləmdə Masallı Mamed və Qoca ləqəbi ilə tanınan Etibar Hacıqabulinskinin yaxın adamı olub.

"Bulaq"da başlayan mübahisə

2016-cı ildə isə kriminal aləmdə nüfuza malik olan Rövşən Lənkəranski və Lotu Qulinin tərəfdarları arasında paytaxtın Səbail rayonunda yaranan mübahisə ağır cinayətə səbəb olumuşdu. Aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verən hadisə zamanı Fuad Əsgərov tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynov və digər 2 nəfər tutulub. Bu cinayətin iştirakçılarının Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi gedir.

Lənkəranskinin adamları Piter Elçinin qardaşlarını niyə öldürdü?

2016-cı ilin dekabrın 21-də Piter Elçinin qardaşı Masallının Türkoba kəndi ərazisində avtomat silahla qətlə yetirilib. Məlumatlardan belə aydın olur ki, bu qətl kriminal aləmin iki cinahı arasında baş verən qanlı hesablaşmanın növbəti raundudur və bu ölümlərin ardı da gələcək.

Piter Elçinin qardaşı Fariz İsmayılovun qətlə yetirilməsinin konkret səbəbi göstərilib, eləcə də bu il Piter Elçinin kriminal hesablaşmanın qurbanı olan başqa bir qardaşı - Maarif İsmayılovun da nəyin badına getdiyi aydın olub.

Mafiyanın savaşı isə belə başlayıb

Fariz İsmayılovu qətlə yetirən şəxs bu il başqa bir mafioz savaşın qurbanı olan Rövşən Lənkəranskinin adamı olub. Bildirilir ki, F.İsmayılovun Masallıda qətlə yetirildiyi gün Rusiyada onun qardaşı Piter Elçinin (Amil adlı avtoritetin ölüm işiylə bağlı - red.) məhkəməsi imiş. Qətlin məhz məhkəmə gündə törədilməsi də təsadüfi deyil.

Bir neçə il əvvəl Rövşən Lənkəraniskinin yaxın adamı kimi tanınan Amil adlı avtoritet Moskvada "tac"landırılırmış. Bundan xəbər tutan Piter Elçin Sankt-Peterbuqrdan Moskvaya uçur. O vaxta kimi Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunan Elçin İsmayılov "taclandırma" mərasiminə qatılır və gözlənilməz bir addım atır. Ayağa qalxıb az öncə "tac"landırılan Amilin boynunu qucaqlayır və silahı çıxarıb onun başından vurur. Amil yerindəcə keçinir. Piter Elçin isə heç nə olmamış kimi mərasimi tərk edir.

İki qanlı qruplaşma arasındakı savaş da məhz buradan başlayır. Bir müddət sonra, bu ilin iyun aynda Elçinin qardaşı Maarif İsmayılov qətlə yetirilir. Həmin vaxt yayılan məlumata görə, qətl məhz Lənkəranskinin sifarişi ilə törədilib.

Maarif İsmayılovu öldürən şəxs əslən Lənkəran rayonundan olub və keçmiş polis əməkdaşı imiş. Qətli törətmiş Emil Hüseynov bunun sifarişli olduğunu və ona qarşılığında 155 min dollar söz verildiyini etiraf etmişdi.

Məlumata görə, cinayətin ardından qətli törədən şəxsin ailəsi Piter Elçinin qorxusundan gecə ilə rayondan çıxıblar və onların harada olduğu hələ də bilinmir. Qətli törədən şəxs isə hazırda türmədədir. Dekabrın 21-də Piter Elçinin digər qardaşı Fariz İsmayılovu avtomat silahdan atəş açaraq öldürən şəxs məhz Elçinin qətlə yetirdiyi Amilin yaxın qohumudur. Qatil cinayətin ardından özü polisə təslim olub. Digər bir məlumata görə, hazırda Elçinin yalnız bir qardaşı həyatdadır. Onun isə səhhətində ciddi problemlər var. O da bildirilir ki, qardaşının qətlindən sonra Piter Elçin adamlarına göstəriş verib ki, Lənkəranskinin yaxınlarına məxsus hər şey dağıdılmalıdır, daş üstə daş qalmamalıdır.

Lənkəranski və Lotu Quli tərəfdarlarının ölüm-dirim savaşı

2013-cü ildə Balakən rayonunda Rövşən Lənkəranski və Lotu Qulinin tərəfdarları arasında yaranan mübahisə ağır cinayətlə nəticələnib. Cinayəti törədən şəxslər Rövşən Lənkəranskinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Rövşən Canıyevin tərəfdarları Vüqаr Rəcəbov, Vаsif Cəfərov, Kаmil Hüşənov, Vüsal Əliqаyev və Raqib Bədəlov isə məsələni aydınlaşdırmaq qərarına gəliblər. Bu isə Vüqаr Rəcəbov, Vаsif Cəfərov, Kаmil Hüşənovun öldürülməsi, Vüsal Əliqаyev və Raqib Bədəlovun isə xəsarət alması ilə yekunlaşıb. İddia edilir ki, cinayəti törədən mütəşəkkil dəstənin üzvləri Lotu Qulinin tərəfdarlarıdır. Bu cinayəti törədənlər Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Pərviz Qarayev, Röyal Saramanov Cinayət Məcəlləsinin 10-dan artıq maddəsi ilə mühakimə olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Osmanov və Vüqar Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay, Pərviz Qarayev 15 il, Röyal Saramanov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

8 nəfərin qatili və ömürlük cəza...

2015-ci ildə ailə münaqişəsi zəminində yaranan sarsıdıcı hadisə zamanı isə bir ailənin 8 üzvü öldürülüb. Həmin ilin oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovanı qətlə yetirib.

Xatırladaq ki, mərhum Südabə Rafiq Hüseynovun həyat yoldaşı, digərləri isə onun həyat yoldaşının ailə üzvləridir.

Hadisədən bir ay sonra, yəni noyabrın 3-də Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq ölüb. Afiq Hüseynovun atası Müzəffər Hüseynov isə həmin gün infarkt keçirərək vəfat edib.

Bir ailənin 8 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.