SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hava şəraitinin kəskin dəyişməsi yollarda sürüşmə ehtimalı yaradır. Belə hava şəraitini nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, enişli-yoxuşlu, sərt döngələrdə son dərəcə ehtiyatlı olsunlar”.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşan sürücülər sükan arxasında olmalıdırlar.

“Yaxşı olardı ki, belə hava şəraitində ictimai nəqliyyatdan istifadə edilsin. Yollarda sürüşmə ehtimalı olduğundan sürücülər avtomobilin təkərlərinin mövsümi olmasına diqqət yetirsinlər.

Lazım gələrsə, xüsusi zəncirlərdən də istifadə etsinlər. Sürət həddinin minimuma endirilməsinə ehtiyac var. Ara məsafəsi normadan artıq saxlanılmalıdır.

İşıq cihazları təmiz olmalıdır. Şüşəsilənlərin işləməsi vacibdir. Avtomobilin dayandırılması və hərəkətə gətirilməsi mütləq sürət qutusunun hesabına aparılmalıdır. İdarəetmədə diqqətli olmalıdırlar”, - deyə Vaqif Əsədov bildirib.

Yol polisi eyni zamanda piyadalara da müraciət edib:

“Piyadalar da xüsusi diqqətli olmalıdırlar. Yolların hərəkət hissəsinə çıxmaq olmaz”.

V.Əsədov hazırda Bakıda problemli yolların ünvanlarını bildirib:

“Paytaxtın hündür ərazilərində, xüsusən Badamdar qəsəbəsində, Yasamal rayon ərazisinin hündür yerlərində soyuq külək əsir.

Bəzi yerlərdə buzlaşma var. Lakin paytaxtın inzibati ərazilərinə düşən küçə və prospektlərdə problem qeydə alınmayıb”.

Yol polisi bildirib ki, yolların buzlu olmasına görə səhər saatlarında bir neçə yol nəqliyyat hadisəsi qeydə alınıb:

“Səhər saatlarında yol və meteoroloji şəraitin nəzərə alınmaması ilə bağlı 2 yol qəza hadisəsi olub. Bu hadisələr də maddi ziyanla nəticələnib”.

Təhlükəsizliyin tam təmin edilməsi məqsədilə yol polisi gücləndirilmiş iş rejimində çalışır”.

Ziya SƏCCAD
BAKU.WS