SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Gömrük Komitəsi əməkdaşları ölkəyə qeyri-qanuni olaraq gətirilmək istənən əşyalar aşkarlayıblar.

DGK-dan BAKU.WS-ə verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında iki nəfər Azərbaycan Respublikasının vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Bundan sonra vətəndaşların gətirdiyi yüklər rentgen aparatından keçirilib.

Yoxlama nəticəsində vətəndaşlardan birinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından və kiçik ölçülü əl çantasının içərisindən gömrük nəzarətindən gizlədilən yapışqanlı lentə sarılmış 2 büküm aşkarlanıb. Bükümlərin birində 30 ədəd, digərində isə 11 ədəd üzərində “F/M40” nişanəsi olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı aşkarlanıb.

Şəxsi yoxlama zamanı isə həmin vətəndaşın üzərindəki şalvarın kəmərinin altından, yapışqanlı lentə sarılan daha bir büküm aşkarlanıb. Bükümə baxış zamanı içərisində 30 ədəd “F/M40” nişanəsi olan açıq qəhvəyi rəngli “metadon” adlı dərman preparatı olduğu məlum olub.

Qeyd edək ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Bundan əlavə sözügedən postda İran İslam Respublikasından gələn daha bir Azərbaycan Respublikası vətəndaşının özü ilə gətirdiyi əl yükləri piyada keçid xəttindəki rentgen yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Şifahi sorğu-sual zamanı vətəndaş əl yüklərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı müxtəlif şüşə qab-qacaq olan 5 qutunun içərisində gömrük nəzarətindən gizlədilən, üzərində “Manchester” yazılan 6400 ədəd siqaret aşkarlanıb.

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında isə Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitə aşkar edilib.
BAKU.WS