Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.

BAKU.WS 
qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

Məhkəmə iclasına 3 jurnalist buraxılıb, müdafiə tərəfi daha çox media nümayəndəsinin iştirak etməsini istəsə də, hakim bunun yer azlığı ilə bağlı mümkün olmayacağını bildirib.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihamda qeyd olunub ki, 8 e sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib. E.Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq E.Hacıyevanın həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor Sevin Abbasova isə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra isə E.Hacıyevanın anası Sevil Hüseynova, nənəsi Solmaz Əsgərova, atalığı Seymur Hüseynov, atası və Səbail rayon icra Hakimiyyətinin birinci müavini Xalidə Bayramova ifadə veriblər. Ardınca prosesdə 1 saatlıq fasilə elan olunub.


BAKU.WS