SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsində neft sızması olub. 

BAKU.WS xəbər verir ki, bu barədə məlumat və görüntülər sosial şəbəkədə yayılıb. 

Videodan göründüyü kimi yol boyu ətrafa yanacaq yayılıb. Məsələni dəqiqləşdirmək üçün SOCAR-ın mətbuat xidməti ilə əlaqə saxladıq.

Qurumun rəsmisi İbrahim Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, sözügedən hadisə ilkin ehtimala görə su xəttinin bəndini aşması nəticəsində baş verib.

"Oradan gələn su rabitə xəttinin keçdiyi lyukun içindən yuxarı çıxmışdır. Su ilə yanaşı üzə çıxan qara maddə hasil edilən neft deyil və burada neft sızıntısından söhbət gedə bilməz, çünki həmin ərazidə neft kəməri keçmir. Su ilə çıxan qara maddə isə torpaq qatının altında mövcud olan neft şlamlarıdır ki, sudan yüngül olduğuna görə öncə həmin şlamlar üzə çıxa bilər.

Hadisədən xəbər alan kimi, əməkdaşlarımız 2 nasos maşını ilə suyu lyukun içindən sovurub çıxardılar. Daha sonra Azərsu-nun müvafiq xidmətinə məlumat verildi və Azərsu əməkdaşları bəndi aşılan həmin xətti müəyyən edib hadisəni aradan qaldırdılar".

İbrahim Əhmədov bildirir ki, keçmiş neft yataqlarının ərazisində hasilat prosesləri tamamlandıqdan sonra torpaq səthinin altında şlamlar təbii olaraq qalır, çünki karbohidrogen ehtiyatlarının yerin altından bütövlüklə çıxarılması hazırda dünyada mövcud olan texnologiyalarla mümkün deyil.

Şahin Həbibov
BAKU.WS
VİDEO