"Bayram günlərində təcili tibbi yardıma müraciət edilənlərin sayında 10 faizə yaxın artım olub". 

BAKU.WS-in məlumatına görə, bunu ANS PRESS-ə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, bayram günlərində təcili yardıma müraciətlərin sayı 2000-i ötüb. "Müraciətlərin əksəriyyəti ürək-damar xəstəlikləri ilə bağlı olub. 6 nəfər isə qar və şaxtalı hava ilə bağlı müraciət edib". 

Onlardan əksəriyyəti sınıq və çıxıq xəsarətləri alıb. Ümumiyyətlə, həkimə zəng edənlərin böyük qismi orta yaş qrupuna aid olanlardır. 

Bayram günlərində zəhərlənənlərin sayına gəlincə isə, respublikanın baş toksikoloqu Azər Maqsudov ANS PRESS-ə bildirib ki, bu günə qədər dəm qazından 16, spirtli içkilərdən isə 11 nəfər zəhərlənərək xəstəxanaya gətirilib: "Spirtli içkilərdən zəhərlənən vətəndaşların hamısına tibbi yardım göstərilərək evə buraxılıb. Dəm qazından zəhərlənənlərdə isə iki nəfərin müalicəsi xəstəxanada davam etdirilir". 

Qeyri-iş günlərində qidadan zəhərlənmə faktları da qeydə alınıb. 
 
BAKU.WS