SİZİN REKLAM BURADA!
055 213 76 73


"Diqqətinizə çatdırmaq istərdik ki, universitetin professor-müəllim və tələbə heyətindən dəfələrlə şikayət daxil olub ki, hər hansı qida qəbul etmədikləri halda yeməkxanadakı yerləri həddən artıq məşğul edən tələbələr var və buna görə də digər müəllim və tələbələr yeməkxanadan istifadə edə bilmir".

Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib. 

Sözügedən videodakı səlahiyyətli şəxs isə univeristetin İnzibati departamentinin müdiridir və universitetin infrastrukturu ilə bağlı şikayət və təkliflər həmin struktura yönləndirilir. Mövcud vəziyyətlə bağlı yeməkxanadakı həmin tələbələrlə bir neçə gün ərzində izahat söhbətləri aparılıb. Lakin təəssüf ki, eyni tələbələrə bu məsələ dəfələrlə izah edilsə də, bəziləri bunu anlayışla qarşılamayıb və tövsiyələrə məhəl qoymayıb.

Digər tərəfdən bildirmək istəyirik ki, Pedaqoji Universitetin yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi və əlavə geniş oxu zalında tələbələrimizin oxumaq, tapşırıqlar işləmək, internetdən istifadə etmək və elektron kitabxanaya daxil olmaq üçün bütün şəraitlər mövcuddur. Kitabxana-İnformasiya Mərkəzində ümumi oxu zalından əlavə hermetik arakəsmələrlə ayrılan və səskeçirməyən bir neçə müzakirə otaqları da var.

Hansı ki, bu otaqlarda təkcə kitab oxumaq deyil, internetə qoşulmaq, təqdimatlar etmək üçün də hər bir şərait var və burada bir neçə tələbə rahatlıqla müzakirə apara bilər. Eyni zamanda Kitabxana-İnformasiya Mərkəzində tələbələrin rahatlıqla çay-kofe və qəlyanaltı ala və müzakirələr apara biləcəkləri minikafe də fəaliyyət göstərir.

Bu səbəbdən də tövsiyə olunur ki, tələbələr bu məqsədlə yeməkxanadan yox, oxu zalından və ya müzakirə otaqlarından istifadə etsinlər. Həmçinin, nəzərə almaq lazımdır ki, yeməkxanadakı səs-küydə dərs oxumaq demək olar ki, mümkünsüzdür və tələbələrin bu məqsədlə digər imkanlardan istifadə etməsi daha məqbuldur.

***09:54

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri narazıdırlar.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, buna səbəb universitetin bufetində bir nəfər naməlum şəxsin tələbələrə kitab oxumağa icazə verməməsidir. 

Belə ki, həmin şəxs nəinki kitab oxumaq, masaya kitab qoyulmasına da əsəbiləşir:

"ADPU-nun əsas korpusunda 3 gündür ki, bu adam bufetə girib qabağında kitab olan bütün tələbələri qovur. Səbəb də onu gətirir ki bufetdə oturmağa yer yoxdur. Hətta kitab bağlı olsa belə stolda kitab görsə sərt formada zaldan qovmağa çalışır, xüsusən də qız tələbələri. Deyir ki, oxu zalı var, orada oxuyun. Biz magistratura imtahanına hazırlaşan tələbələrik, o testləri müzakirə edə bilək deyə açıb işləyirik, oxu zalında 2 nəfərin pıçıldaşmağına belə icazə verilmir necə müzakirə edə bilərik ki?"

Məsələ ilə bağlı təhsil ocağından açıqlama almaq istəsək də, bizə deyildi ki, məsələdən xəbərdardılar. Lakin açıqlama bir qədər sonra olacaq.

Ümid edirik ki, "Bufetdə kitab oxumayın, oturmağa yer qalmır" deyən şəxsin bu hərəkətinə Universitetin tutarlı cavabı olar.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA