Hüquq mühafizə orqanı əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçiriblər.

ARB TV xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Astara rayon sakini Gündüz Əliyevi saxta 9900 manatı 2000 manata satmaq istəyən zaman iş başında yaxalayıblar.

Saxlanılan şəxsin Bakı şəhərində qaldığı mənzilə baxış zamanı oradan da əlavə olaraq saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Keçirilən xüsusi ekspertiza zamanı müəyyən edilib ki, aşkar edilən saxta manatlar həqiqi əskinaslardan heç də çox fərqlənmir.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
BAKU.WS