VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəydə Azərbaycan ordusunun hərbi qulluqçusunun da iştirakçısı olduğu kütləvi davanın təfərrüatı bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, davaya səbəb qadınla bağlı mübahisə olub.

Əvvəldə hərbi qulluqçu Elpərəs İbrahimovla Teymur Tapdıqov arasındakı münaqişə davaya çevrilib və E.İbrahimov T.Tapdıqovu bıçaqla vurub. Daha sonra Samir Tapdıqov davaya qarışıb və nəticədə Elpərəs İbrahimovla bir-birilərinə xəsarət yetiriblər.

Hazırda araşdırma aparılır.

***11:10

Gədəbəy rayonunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlu kütləvi davada xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir.

Belə ki, iş üzrə hadisə yerinə və meyitə baxış keçirilmiş, şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmiş və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin, o cümlədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı və hadisənin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcəkdir.

***09:26

Gədəbəydə kütləvi dava zamanı 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarəti alıb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri: 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı, 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib, nəticədə T.Tapdıqov ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS