SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə araşdırılan iş materialları ilə bağlı sənədlər tədqiq olunub.

Məhkəmədə aparıcı Xoşqədəm Baxşəliyevanın vaxtilə “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında Nərmin Quliyevaya həsr olunmuş reportajına baxış keçirilib.

Bundan başqa, Nərminin valideynlərinin başqa bir internet televiziyasına müsahibəsi ilə bağlı müzakirə aparılıb.

Sözügedən müsahibədə Nərminin atası Şərif Quliyev deyib ki, Nərminin meyitini özü görüb, üzdən tanıyıb. Cinayət işinin materiallarında isə üz nahiyəsinin tam yandığı və tanınmaz halda olduğu göstərilib.

İlkin Süleymanovun vəkilləri “Azad Azərbaycan” telekanalında aparıcı Zaur Baxşəliyevin proqramında Nərminin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər.

Müdafiə tərəfi Zaur Baxşəliyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib: “Zaur Baxşəliyev deyib ki, Nərminin başına dəmirlə beş zərbə vurulub. İttihamda isə daşla vurulduğu yazılıb. İlkin isə ifadəsində daşla bir zərbə vurduğunu deyir. Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev onu da deyir ki, Nərmin meyit tapılmamışdan beş gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi?”

Hakim Zaur Baxşəliyevin məhkəməyə çağırılması ilə bağlı vəsatət yazılı təqdim edildikdən sonra məhkəmənin münasibət bildiriləcəyini deyib.

Proses davam edir.

BAKU.WS