SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Yasamal rayonunda azyaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Samir Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Samir Ağakərimov bildirib ki, hadisə günü həyat yoldaşı Pərvanə ilə dalaşıb: "Evin təmiri ilə bağlı əşyaları çıxarıb həyətdə iş görürdüm. Həyat yoldaşımla davamız oldu. Uşağı tullamaq yadıma gəlmir".

İki ailəsi olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, özü internatda böyüyüb: "Pərvanə də yetim idi. Biz bir-birimizi sevib evlənmişik. Aramızda problem olmayıb".

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən zaman narkotikin təsiri altında olub: "Hadisə günü də psixotrop maddə qəbul etmişdim. Buna görə də hadisənin baş verməsini xatırlamıram. Məni prokurorluğa apardılar. Dedilər ki, ifadə ver. Bildirdim ki, özümdə deyiləm, necə ifadə verim?".

O deyib ki, həyat yoldaşı ilə ev əşyalarını atmaları üstündə mübahisələri yaranıb: "Ola bilər ki, uşağı döşəyin üstünə atmışam. O zaman xəsarət alıb. Uşağı möhkəm yerə çırpmamışam. Belə bir halın olmasını da xatırlamıram".

Samir Ağakərimov deyib ki, paytaxtın müxtəlif yerlərində fəhləlik edib və ailəsini dolandırıb. Onun sözlərinə görə, son iki ildə işsiz olub.

Samir Ağakərimovun ibtidai istintaqla məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər yarandığından onun istintaqa verdiyi ifadəsi elan edilib.

Samir Ağakərimov istintaqa verdiyi ifadəsində deyib ki, arvadının başqası ilə münasibətinin olmasından şübhələnib, buna görə də onu izləyib.

O, həmçinin ifadəsində göstərib ki, azyaşlı oğlunun onun övladı olmadığına şübhələr yaranıb. Samir Ağakərimov deyib ki, istintaqa ifadə verən zaman narkotikin təsiri altında olub, buna görə də nə danışdığını bilməyib. O, istintaqa verdiyi ifadəsini təsdiq etməyib.

İttihama görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə bu ilin aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.

BAKU.WS