SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Mirqayıb Sarıyev qeyd edib ki, İmişli rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb.

"Vilyam Hacıyevi başçı kimi tanımışam. Rayonun abadlaşdırılması üçün mütəmadi pullar yığılırdı. Mən də pul verirdim. Ümumilikdə 30 min pul vermişəm. Pulu Rəhim yığırdı. O gəlib deyirdi ki, Vilyam Hacıyev tapşırıq verib, pul yığılmalıdır, biz də verirdik. Hissə-hissə 30 min manat vermişəm" - M.Sarıyev deyib.

Şahid bildirib ki, həmin pullar idarənin büdcəsindən ayrılırdı: "Həmin 30 min manat ümumi vəsaitdən ayrılırdı ki, işçilərə paltar, əlcək və digər avadanlıqlar alaq. Mən həmin pulu hissə-hissə çıxarıb verirdim Rəhimə. Nəticədə həmin əşyaları ala bilmirdik. Pulları ancaq Rəhim alırdı, deyirdi, başçı tapşırıb. Vilyam Hacıyev heç vaxt məndən pul istəməyib".

Digər şahid Əhəd Vəliyev isə deyib ki, İmişli rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsində işləyir: "Gəlinimi uşaq bağçasına işə düzəltmək istəyirdim. Rayonun Muradlı kənd icra nümayəndəsi Adil Kərimov dedi ki, 1500 manat verməlisən. Mən də verdim, gəlinimi işə düzəltdilər. Sonra mən maaşımdan ayda 100-150 manat verməklə 1500 manatı Adilə ödədim".

Şahid Nəsimi Məmmədov bildirib ki, rayonda təsərrüfatla məşğuldur: "2018-ci ildə icra hakimiyyətinə müraciət etdim ki, torpaq müqaviləsinin vaxtını artırsın. Vilyam Hacıyev məni bir nəfərə tapşırdı, həmin adamla görüşdüm. O adam dedi ki, pul vermək lazımdı, mən də verdim. Sonra icarə müddətini artırdılar".

Şahid Emin Fərzəliyev bildirib ki, hazırda İmişli Elektrik Şəbəkəsində mühəndis vəzifəsində işləyir: "Həmin vaxt İmişli Rayon İcra Hakimiyyətində baş memar işləyirdim. Mən gedən tikintilərə nəzarət edirdim. "Elegant Group" şirkəti var idi. Şəhərdə abadlıq işləri görüləndə deyirdilər ki, ayrılan vəsaiti həmin şirkətə köçürün. Pulu köçürürdük, amma şirkət heç bir iş görmürdü. İşi biz görürdük, pul o şirkətə köçürülürdü".

Şahid Mayak Əşrəfov bildirib ki, İmişli rayonunda obyekt tikintisi üçün ondan rüşvət tələb olunub: "Rayonda obyektim var idi. Onu söküb böyütmək lazım idi. İcra Hakimiyyətinə müraciət etdim, bildirdilər ki, 200 kvadratlıq obyekt tikmək üçün 1200 manat verməlisən. Mən də verdim".

Şahid Fuad Quluzadə isə bildirib ki, rayonda təsərrüfatla məşğuldur.

"Təsərrüfatla məşğul olmaq üçün torpaq sahəsi lazım idi. İcra Hakimiyyətinə müraciət etdim. Mənə dedilər ki, 8 min manat rüşvət verməlisən. Mən də həmin məbləği verib torpaq sahəsi aldım", - şahid deyib.

Prosesdə ifadə verən Rəhim Rəhimov isə deyib ki, uzun müddət İmişli rayon İcra Hakimiyyətinin maliyyə idarəsinin rəisi işləyib: "Vilyam Hacıyev rayona başçı gələndən sonra böyük abadlıq işləri başlandı. Rayonda fəaliyyət göstərən şirkətlərə təklif olundu ki, ayrı-ayrı sahələri abadlaşdırsınlar. Görülən işlərin həcmi böyük olduğu üçün ayrı-ayrı şəxslərdən kömək istəmişik. Vilyam Hacıyev dedi ki, abadlıq işləri görən şirkətlərə borcu yaranıb. O vəsaitlərin bağlanması üçün vəsait yığmaq lazım idi. İclasda dedik və köməklik istədik. İdarə rəisləri yığışırdıq, kimin gücü nəyə çatırsa, yardım edirdik, pul yığırdıq".

Pandemiya dövründə aztəminatlı ailələrə ayrılan vəsaitlərin mənimsənilməsinə gəlincə isə R.Rəhimov bildirib ki, o prosesdə iştirak etməyib:

"Mən maliyyə idarəsinin rəisi işləmişəm. İdarələrin büdcəsi təsdiqlənirdi, təqdim edilirdi bizə, biz həmin sənədləri yoxlayıb vəsaiti ayırırdıq. Mən sənəd imzalamasaydım, heç kimə pul ayrılmırdı".

Hakim bildirib ki, R.Rəhimovun istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət var.

R.Rəhimov ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, "Nepal" MMC-yə tikinti abadlıq işləri üçün 183 min manat ayrılıb. Həmin pulun 70 min manataını şirkət rəhbəri nağdlaşdıraraq Rəhim Rəhimova verib. Rəhim isə həmin pulu Cəmil Musayevə verib.

Şahid təsdiqləyib ki, həmin məbləğ həqiqətən də Cəmil Musayevə verilib.

Vilyam Hacıyevin suallarını cavablandıran şahid bildirib ki, o 13 il maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə bir dəfə də olsun icra başçısına rüşvət verməyib.

Proses mayın 6-da davam edəcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

BAKU.WS