12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkili vəsatət verib ki, prosesin səs yazısı yazılsın. Hakim isə bildirib ki, məhkəmədə belə imkan yoxdur.

Prosesdə ifadə verən Qaralar kənd bələdiyyəsinin sədri Şıxalı Gülməmmədov bildirib ki, Vilyam Hacıyevi icra başçısı kimi tanıyıb.

"Əvvəllər sahibkar kimi fəaliyyət göstərirdim. 2015-ci ildə bələdiyyə sədri seçilmişəm.
Rayonda tədbirlər, quruculuq işləri olanda sahibkar kimi yardım etmişəm. Çünki əvvəl sahibkar olmuşam. Pul verəndə mühasibə vermişəm, Vilyam Hacıyevə yox. Müəyyən miqdarda mən də imkanım çatan qədər kömək edirdim", - şahid bildirib.

Digər şahid Namiq Xankişiyev isə deyib ki, Sərxanlı kənd sakinidir:

"Torpağım olub. Atamın adından öz adıma keçirəndə icra hakimiyyətinin hüquqşünası Rafiq Zahidova 1300 manat vermişəm. Vilyam Hacıyevlə heç bir münasibətim olmayıb.

İmişli rayonunda sahibkarlıqla məşğul olan Hümbət Həsənov isə bildirib ki, Vilyam Hacıyevi rayon rəhbəri kimi tanıyıb: "Heç vaxt Vilyam Hacıyevlə münasibətim olmayıb. Yanacaqdoldurma məntəqəsi var idi. Onu böyütmək üçün baş memara müraciət etdim. Dedilər ki, bunun üçün rayonun quruculuq işləri üçün icra hakimiyyətinə 3 min manat verməlisən. Mən də pulu baş memar Nazimlə birlikdə mühasibatlığa verdim".

Hazırda bələdiyyə sədri işləyən Məni Atakişiyev qeyd edib ki, əvvəllər Pambıq Zavodunun direktoru, şəhər icra nümayəndəsi işləyib:

"Yaxşı münasibətimiz olub Vilyam Hacıyevlə. Duz-çörək kəsmişik. Tanışım var idi, Səadət Şəhpələngova bağça müdiri işləyirdi, səhv işləyirdi. Vilyam müəllim də onu çıxartmaq istəyirdi. Gəldim Vilyam Hacıyevə xahiş elədim, eşitdi. O da buna görə mənə 5 min manat verdi, mən də icra hakimiyyətinin mühasibi Cəmilə 5 min manat verdim.

Vilyam müəllim, başına dönüm, səni mən həmişə sevmişəm. Amma kişi kimi danışaq da, 5 min manatı vermişəm".

Digər şahid Orxan Atakişiyev isə bildirib ki, icra hakimiyyətindən təqdimat almaq üçün rüşvət verib: " Prezident yanında İdarəçilik Akademiyasına qəbul olmaq üçün icra hakimiyyətindən təqdimat almalı idim. Bələdiyyə sədri, əmim Məmi Atakişiyevə 5 min manat verdim, o da icra hakimiyyətindən təqdimat aldı. Təqdimatdan sonra məni akademiyaya qəbul etdilər".

İmişli Dəmir yolunda məsul vəzifədə çalışan Aydın Xankişiyev isə bildirib ki, rayonda quruculuq işləri üçün icra hakimiyyətinin mühasibinə 1000 manat verib.

Digər bələdiyyə sədri Malik Əzimov bildirib ki, rayonun abadlaşmasına pul verib.

"Başçı iclasda dedi ki, abadlıq işlərinə kömək lazımdı. Mən də mühasibə 2 min manat verdim. Başqa heç kimə pul verməmişəm", - bələdiyyə sədri deyib.

İmişli rayon Yalavac kənd sakini Malik Əliyev isə deyib ki, sahibkarlıqla məşğuldur.
"Kənd təsərrüfatı təyinatlı 300 hektar torpaq almışam. Bununla bağlı icra hakimiyyətinin mühasibinə müraciət etmişəm. Məndən 70 min manat istədi, verdim. O da torpağın sənədlərini verdi. İndi də həmin torpaq sahəsi istifadəmdədir. 180 baş inəyim var".

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

BAKU.WS