SİZİN REKLAM BURADA!
055 213 76 73


İyirmi illik ömrə sığdırdığı qəhrəmanlıq və igidliyi ilə yaddaşlara həkk olan şəhid Böyükağa Yusifli Vətənə bəslədiyi sevgini hətta xatirə dəftərinə də qeyd etmişdi. O, şəhid olduqdan sonra tapılan həmin xatirə dəftəri isə Böyükağadan bəhs edən "Yarım qalmış hekəyalərim" adlı kitaba çevrildi.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Yusifli Böyükağa Elbrus oğlu 2000-ci ildə Beyləqanın Kəbirli kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən Böyükağa yaşıdlarına örnək olub. Əslən Ağdamdan olan Böyükağanı düşündürən isə işğal altında qalan torpaqlarımız idi. Həqiqi hərbi xidməti Murovdağ istiqamətində keçən Böyükağa xidmətini bitirdikdən sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanıb.

Anası Ülviyyə Yusifova deyir ki, Böyükağa şəhid olduqdan sonra onun xatirə dəftərini tapıb və oğlunun Vətəni necə sevdiyinin bir daha şahidi olub. 2020-ci il sentyabrın 18-də anası ilə söhbət edən Böyükağa bu görüşü də öz dəftərinə qeyd edib. Səhəri gün isə kənddə yerləşən Şəhidlər xiyabanına üz tutub. Sanki şəhid olacağını hiss etmişdi...

Şəhid oğlu haqqında qürurla danışan Elbrus Yusifov isə bildirir ki, hərbin sirlərinə yiyələnən Böyükağa döyüş maşınının tuşlayıcısı olub. Böyükağa düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlanan əks-hücumda ön sıralarda yer alıb. Tuşlayıcısı olduğu piyada döyüş maşınından açdığı atəşlə düşmənin xeyli canlı qüvvəsini, mövqelərini və texnikasını məhv edib. 27 il ərzində düşmən tərəfindən qurulan sədlərin yarılmasında şücaəti ilə seçilib. Döyüşlərin üçüncü günündə onların döyüş maşını vurulsa da, geri çəkilməyiblər. Düşməndən qənimət kimi götürdükləri döyüş maşını ilə yenidən hücuma keçiblər. Oktyabrın 3-də düşmən mərmisi Böyükağanın da içərisində olduğu maşına dəyib və Böyükağa şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Böyükağa Yusifli döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

BAKU.WS
QALEREYA