SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"O, oğlunun qəfil zəngindən sonra ölüb”; Xalq artisti İlhamə Quliyevanın ölümündən artıq 3 ay ötür, amma müəmmalar davam edir... 
Onun qəfil ölməsi yaxınlarının və sənət dostlarının sui-qəsd, zəhərlənmə iddiasını irəli sürməsinə səbəb olmuşdu.

Bununla da oğulluğu Orxan Nadirovun tələbi ilə ölümün səbəblərinin müəyyən edilməsi üçün kimyəvi və toksikoloji ekspertizalar təyin edilmişdi. Aprel ayında isə müəyyən olunan ekspertizanın nəticələrinə görə xalq artistinin ölümünə səbəb heç də zəhərlənmə deyil, hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub. 

Müğənninin yaxınlarının mətbuata verdiyi açıqlamalara görə isə onun ürəyini "partladıb” öldürən səbəb qəfil gələn zəng olub. Bacısı İradə Quliyevanın sözlərinə görə, həmin zəngdən sonra müğənni bərk əsəbiləşib, halı pisləşib və birdən-birə qəfildən ölüb. Bu faktı İlhamənin dayısı oğlu Eldar İsmayılov da təsdiqləyib: "Bilirsiniz, İlhamə xanım nədən dünyasını dəyişib? Gecə ona zəng gəlib, nəsə deyiblər, ürəyi partlayıb ölüb”. 

Müğənninin ölümünə şahid olan köməkçisi Fatma Əliyevanın verdiyi ilginc açıqlamalar bu müəmmaya azacıq da olsa aydınlıq gətirib. Köməkçinin sözlərinə görə, müğənni son vaxtlar kiminləsə danışıb əsəbiləşirmış: "Axırıncı zəng Orxandan gəlmişdi. Orxan fevralın 24-dən 25-nə keçən gecə zəng elədi, İlhamə xanım da əsəbiləşdi. Dedi ki, ”niyə zəng etmisən? Yatmışam". Telefonla danışandan sonra əsəbiləşib, bədənində gərginliklər yaranmışdı. Təzyiqi enib-qalxırdı. Həmin gün mənə dedi, ürəyi sirkələnir, narahatdır. Soruşdum ki, təcili yardım çağırım? Dedi yox, keçəcək. Gecə məndən qatıq və meyvə istədi. Bir az yedi və başladıq söhbət eləməyə. Dedi ki, Eldar müəllim xaricdən gəlsin, gələn kimi notariusa gedək, bütün hər şeyimi onun adına keçirəcəyəm. Bu barədə danışdıq, gecə saat ikinin yarısı yatdı və səhər 7-də durdu. Səhər təzyiqini yoxladım. Dedi, nəsə özümü pis hiss edirəm, bir az yatım. Yatdı, saat 10-nun yarısında durdu. Məni çağırıb dedi ki, "halım pisləşir, ürəyimə bax, elə bil ürəyimdə nəsə damar qırıldı. Deyəsən, mən ölürəm”. Mən də qorxdum, dərhal Leyla xanıma zəng etdim və dedim ki, təcili yardım gəlsin. Leyla xanıma zəng edəndən sonra  Eldar müəllimə zəng elədim, zəng çatmadı. Daha sonra Əli müəllimi  və onun qızı Samirəni yığdım. Onlar da, təcili yardım da evə gələnə qədər İlhamə xanım qollarımda can verdi. Bu dəhşətli bir an idi".

İ.Quliyevanın ölümündə oğulluğunu ittiham edənlərdən biri də müğənninin digər qohumu Əli Mirəliyevdir. O, son müsahibəsində Orxanın hansısa səs yazısı ilə müğənnini şantaj etdiyini deyib: "İlhaməni həqiqətən də Orxan öldürüb. Bu adam İlhamənin başına min oyun açıb. Deputatlara, iş adamlarına pul atıb... Orxan İlhamə xanımı şantaj edirdi. Sən niyə o boyda sənətkarı şantaj etmisən? Demisən ki, səsini yazmışam, sən mənə pul verməsən, bu səs yazısını yayacam. Sənin səs yazını dövlət orqanlarına aparacam”...

Qeyd edək ki, adıçəkilən səs yazısı haqda bundan öncə mətbuatda məlumatlar yayılmışdı. Belə ki, müğənninin sabiq, hazırda həbsxanada olan köməkçisi Mehriban Hüseynova mətbuata ünvanlandığı məktubunda İlhamə Quliyevanı bitirəcək səs yazısı olduğunu bildirmişdi...

Lakin bəzi iddialara görə,  İ. Quliyeva öz kanalları vasitəsilə istintaqa yaxın mənbələrdən öyrənə bilib ki, belə bir səs yazısı M. Hüseynovada yoxdur. Amma digər şəxsdə ola bilməsi ehtimalı İ.Quliyevaya rahatlıq vermirmiş. Yaxınları da onu mənzilinə gizli dinləmə qurğusu yerləşdirilməsinə inandırıblar. Guya ki, mənzildə baş verənlərin mətbuat səhifəsinə çıxması təsadüfi deyil, xüsusi dinləmə vasitəsi ilə mənzildə baş verənlər sonradan mətbuata ötürülüb. Bundan çox narahat olan müğənni mənzilə dinləmə cihazı axtaran mütəxəssislər də gətizdirib. İddiaya görə onun halı bu məsələyə görə çox gərginləşib və tez-tez ürək ağrılarından əziyyət çəkib. Köməkçisi Fatma Əliyevanın sözlərinə görə vəziyyətinin pisləşməsi isə daha çox oğulluğu Orxan Nadirovla bağlı zənglər olub:

"İlhamə xanıma zəng daha çox Orxanla bağlı gəlirdi və o da əsəbiləşirdi”...  

İlhamə Quliyevanın oğlulluğu Orxan Nadirovun adı tez-tez dələduzluq, borc qalmaqallarında səslənir. Onun hələ 2008-ci il may ayının 8-də xidmət etdiyi hərbi hissədə həbs olunduğu barədə məlumatlar var.  O, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə ittiham olunub. Barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. Bu ilin yanvar ayında isə  yaxın dostu Vüqar Bəkirov Heydər Əliyev adına hava limanında saxlanılaraq  Binəqədi Rayon Polis İdarəsinə aparılmışdı. Hər iki şəxsdən heç yerə getməməsi barədə iltizam alınmışdı. Əli Mirəliyevin sözlərinə görə, Orxanla Vüqarı İmişlidən kiməsə pul "atdıqları”  üçün saxlayıblarmış. İddiaya görə, Ağadadaş Ağayevin zəngindən sonra dostlar buraxılıblar. Köməkçi Fatma Əliyeva da həmin faktı öz müsahibəsində qeyd edib: "Ölməmişdən bir neçə gün qabaq xalq artisti Ağadadaş Ağayev İlhamə xanıma zəng edərək, Orxanın işi barəsində danışdı. İlhamə xanım da dəstəyi yerə asandan sonra halı pis oldu. Dərmanlarını atandan sonra sakitləşdi”.

Lakin Vüqar Bəkirov bugünlərdə məhkəmənin qərarı ilə dələduzluqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edildi. Həbsdə olan Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev tezliklə Orxan Nadirovun da həbs olunacağını deyib: "Onlar dələduzluq ediblər, potensial cinayətkar, dəfələrlə məhkum olunmuş insanlardır”.  

Eldar İsmayılov isə deyib ki, Orxanın nəinki sənəti, təhsili, heç sürücülük vəsiqəsi də yoxdur:

"Belə baxanda normal adama oxşayır, amma heç bir sənətin sahibi deyil. Mənə zəng edib deyirlər ki, Orxan hüquqşünasdır, yoxsa iqtisadiyyatla məşğuldur? Amma mənə elə gəlir ki, Orxan dələduzluğu özünə peşə seçib. Dələduzluğun axırı da bax belə olur. Şəxsən Orxanın kimlərdənsə pul alıb verməyi mənim nəslimə böyük zərbədir. Mən hər zaman İlhaməyə görə Orxana kömək olmuşam. Orxanın anası hər zaman mənimlə məsləhətləşərdi, atası isə məni böyük kimi qəbul edərdi. Amma sonra gördüm ki, bunlar artıq heç kimi saymırlar”.

Onu da əlavə edək ki, bugünlərdə müğənni Firuzə İbadova ona borclu olduğu 4500 manatı qaytarmadığına görə Orxan Nadirov barəsində baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
 
musavat.com
BAKU.WS