Məlum olduğu kimi, Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın ATV-nin efirindəki çıxışına görə MTRŞ-nin qərarı ilə "Bizimləsən" veriliş 1 günlük bağlanılıb, telekanal isə cərimələnib.

Bundan sonra isə qadının niyə məsuliyyətə cəlb edilmədiyi, həbs olunmaması, üstəlik efirə çıxaraq törətdiyi cinayəti rahatlıqla danışa bilməsi suallar yaradıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin hadisə ilə bağlı qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Ekspertin rəyinə görə, qadın oğlanın cinsiyyət orqanının kənarından kəsik atıb və orqan funksiyasını itirməyib. Ekspertin rəyi əsasında isə ittiham veriləcək maddə müəyyən edilib.

Praktikada böyük ictimai təhlükə törətməyən cinayətlərdə məhkəmə həbs qətimkan tədbiri seçməkdən yayınır. Buna görə də qadın həmin maddə ilə ittiham edilərək təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilsə də, barəsində həbs qərarı seçilməyib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, fakta görə Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb: “İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.

BAKU.WS
VİDEO