Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu dünən baş verən dəhşətli qətl hadisəsilə bağlı məlumat yayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 28-də Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Nadir İbrahimovun güllə yarası ilə 3 saylı şəhər kliniki xəstəxanasına daxil olaraq orada vəfat edib.

Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovla şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Yaranmış mübahisə zəminində qabaqcadan razılaşdırılmaqla paytaxtın Nizami rayonu ərazisində təyin etdiyi görüş zamanı üstündə gəzdirdiyi "Makarov” markalı tapancadan ona 8 dəfə atəş açaraq xəsarət yetirib hadisə yerindən özünə məxsus "Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən "Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib.


Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanmış, ekspert kriminalistin, şəhər prokurorluğu və rayon hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən 8 ədəd giliz, 3 ədəd güllə götürülmüş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.


R.Həsənov sonradan rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü gələrək təslim olmuş və cinayətin aləti "Makarov” markalı tapançanı təhvil verib.
R.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Ziya Səccad
BAKU.WS