SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bir neçə gündür ki, axtarışda olan Bakının Səbail rayonu sakini 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli tapılıb.


Bu barədə onun dostu Zaur Sultanov BAKU.WS-ə bildirib. Lakin Zaur Sultanov dostu ilə hələlik əlaqə saxlamadığı üçün baş verənlərdən xəbərsiz olduğunu vurğulayıb.

Pərviz Əlibəylinin həyat yoldaşı Səbinə xanımla əlaqə saxladıq. O, BAKU.WS-ə bildirdi ki, həyat yoldaşı sağ-salamatdır. Səhhətində heç bir problem yoxdur. Lakin onun harada olması, nə səbəbə evdən getməsi barədə heç bir söz demədi: "Hələlik polis bizə icazə vermir ki. Pərvizin harada olmasını açıqlayaq. İstintaq getdiyi üçün heç nə deyə bilmərəm. Pərvizin yoxa çıxmasından narahat olan hər kəsə minnətdaram. Sağ olun ki, kömək etdiniz”.


Pərviz Əlibəylinin axtarışlarını həyata keçirən Səbail rayonu 41-ci polis bölməsilə əlaqə saxladıq. İşi araşdıran bölmənin müstəntiqi Elnur Heydərov BAKU.WS-ə bildirdi ki, hələlik Pərviz Əlibəyli ilə görüşə bilməyib: "Hələlik onun izahatını almamışıq. Ona görə də, baş verənlər barədə dəqiq bir söz deyə bilmərəm”.

Qeyd edək ki, dekabrın 17-də səhər saat 7 radələrində Bakının Səbail rayonu sakini 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli evdən çıxıb və bir daha geri dönməyib. Pərviz Əlibəyli evdən çıxarkən üstündə 5 min manat pul da olub.


Pərviz Əlibəyli sonunca dəfə həyat yoldaşı ilə mobil telefon vasitəsilə saat 07:30-da danışıb. Bu zaman Pərviz 20 nömrəli məktəbin yaxınlığında olduğunu bildirib. Pərviz Əlibəylinin həyat yoldaşı Səbinə xanım BAKU.WS-ə bildirib ki, indiyə qədər həyat yoldaşının heç kimlə işi olmayıb. O, ərinin yoxa çıxmasını üstündə pul olması ilə əlaqəli olduğunu düşünür.

"Babası rəhmətə gedib, bu səbəbdən də, rayona pul yollamalıydı. Elə həmin gün bibisioğlu ilə görüşüb pulu verməliydi. Lakin işə gecikdiyi üçün onunla görüşməyib. Ola bilər ki. kimsə bilib ki, Pərvizin üstüdə çoxlu pul var. Evdən çıxarkən əynində ağ köynək, qara şalvar və qara kurtka olub”, - deyə Səbinə xanım bildirib.

Qeyd edək ki, Pərviz Əlibəyli bank olmayan kredit təşkilatlarından birində çalışır. Üzərində 2 telefon olur. Biri şəxsi, digəri isə iş telefonu. Pərviz Əlibəyli 2 ildir ailəlidir. 8 aylıq qızı var. Onun itkin düşməsil əbağlı xəbəri "Bakıda 8 aylıq qız atası yoxa çıxdı” linkindən oxuya bilərsiz.

Ziya Səccad
BAKU.WS