Bu gün Bakıda xidmət göstərən bir çox evakuator avtomobillər kobud şəkildə yol hərəkəti qaydalarını pozur. Hətta mərkəzi küçələrdə evakuator avtomobilləri qadağan olunmuş yerlərdən döngə əməliyyatları aparır. İşıqforun qırmızı işığından keçir. Avtomobillərin daşınması zamanı ehtiyatsız davranırlar və maşınların daşınması zamanı onlara ziyan vururlar.

Bu tipli şikayətlərin ardı-arası kəsilmir. Demək olar ki, hər gün BAKU.WS-in redaksiyasına bu tipli şikayətlər daxil olur. Şikayətçilər bildirirlər ki, belə hallarda yol polisi məsələyə müdaxilə etmir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, paytaxt küçələrində istənilən qayda pozuntusu edən vətəndaş cəzalandırılır. Onun sözlərinə görə, evakuator avtomobilləri də xidmət göstərmələrinə baxmayaraq yol hərəkəti haqqında qanunu pozmamalıdırlar.

"Bu gün sizə və digər kütləvi informasiya vasitələrinə daxil olan şikayətlərdə görə vətəndaşlara minnətdaram. Lakin sizə deməklə yanaşı, yaxşı olardı ki, yol polisinə də bununla bağlı yazılı, yaxud şifahi xəbər versinlər. Vətəndaşlar elə düşünməsinlər ki, yol hərəkəti qaydaları kobud şəkildə pozulur, bunu da heç kim görmür. Bu çox yanlış düşüncədir və yol polisinin fəaliyyətinə kölgə salır. Paytaxt ərazisində olan kameralar və müasir avadanlıqların köməyilə yollardakı hərəkətə avtomatik nəzarət edilir. Törədilən xətalar qeydə alınaraq, tədbirlərin görülməsi üçün tərtib edilən elektron inzibati protokollar vətəndaşların ünvanlarına göndərilir. Qanun pozan evakuator sürücüləri də cərimələnir və bundan sonra da cərimələnəcək”, - deyə Vaqif Əsədov bildirib.

Ziya Səccad
BAKU.WS