SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Güləş Federasiyası son günlər ölkə mətbuatında Federasiyanın fəaliyyəti, o cümlədən milli komandanın üzvlərinin üzləşdiyi çətinliklərlə bağlı dərc edilmiş məlumatlarla əlaqədar açıqlama edib. 

Federasiyadan BAKU.WS-ə verilən məlumatda qeyd edilir ki, ictimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur.  Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman Federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb.

Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və Dünya Çempionatlarında eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman nazirliyi tərəfindən mükafatlandırılır. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib.

Təlim-məşq toplantıları ilə bağlı məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdir və tezliklə aradan qaldırılacaqdır. 

Azərbaycan Güləş Federasiyası idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındır və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də Federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcəkdir.
 
Tuncay
BAKU.WS