SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə Naxçıvan şəhər 15 nömrəli məktəbdə təhsil alan 3-cü sinif şagirdinin döyüldüyü iddiasını əks etdirən foto yayılıb. Valideynlər iddia edirlər ki, şagird Cahangir Hacıyevi ibtidai sinif müəlliməsi Ruhiyyə Əliyeva vurub. Bundan sonra şagirdin üzündə qançır izləri meydana gəlib. 

Məsələ ilə bağlı ANS PRESS döyülmədə adı hallanan müəllimə, eləcə də döyüldüyü iddia edilən şagirdi tapıb. Ruhiyyə müəllimə 17 illik iş təcrübəsində heç vaxt bir şagirdə belə əl qaldırmadığını bildirdi:

"Mən Cahangiri çox istəyirəm. O, mənim əlaçı şagirdimdir. Onu necə vura bilərəm? Sadəcə uşaq çox hiperaktivdir, bir yedə dayanmır. Həmin gün də şkaflardan birinin şüşəsi sınmışdı, Cahangir də qaçanda yıxıldı və şüşə uşağın üzünü cızdı. Özüm də çox qorxdum. Onu tez tibb otağına apardım, həkimlər yaralarını dərmanladılar".

Müəllimə ilə danışdığımız vaxt şagirdin indi də həmin sinifdə oxuyub-oxumadığını xəbər aldıq. Məlum oldu ki, şagird həmin sinifdən çıxarılmayıb. Valideynlər isə hadisədən xəbər tutan kimi əsəbi olduqları üçün əvvəlcə müəlliməyə uşaqlarının onun tərəfindən döyüldüyünü desələr də, sonradan uşaq özü də yıxıldığını etiraf edib. Bundan sonra valideynlər müəllimədən üzr istəyiblər.
 

 

Balaca Cahangir bizə də müəlliməsi tərəfindən döyülmədiyini və qaçaraq şüşə üzərinə yıxıldığını bildirdi:

"Məni müəlliməm döyməyib. Mən onu çox istəyirəm. O, heç kimin üstünə qışqırmır, vurmur. Anamgil bilməyiblər ki, mən yıxılmışam, ona görə elə deyiblər", - deyə şagird ANS PRESS-ə deyib. 
 
Bu ilin yanvar ayında da sosial şəbəkədə azyaşlı şagirdin döyülməsi ilə bağlı video yayılmışdı. Həmin döyülmə faktı Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınmışdı. 

Həmin videoda məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına zərbə endirir. Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkib.

Məsələni Təhsil Nazirliyi də araşdırıb, məktəbin direktoruna xəbərdarlıq olunub, müəllimə isə töhmət alıb. Həmin videonu sizə təqdim edirik:
 
BAKU.WS