"TAP AG" hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır

TAP AG hidrogen qarışığının TAP ilə nəqli üçün tədqiqatların növbəti mərhələsinə başlayır
İqtisadiyyat 21

Trans-Adriatik qaz kəmərinin (TAP) operatoru olan "TAP AG" boru kəməri şirkəti qaz nəqli sisteminin hidrogen qarışığının tədarükünə hazırlığı ilə bağlı araşdırmaların yeni mərhələsinə başlayıb.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

"Məqsədimiz hidrogen nəqlinə imkan verən infrastruktur yaratmaqdır. TAP təbii qaz qarışıqlı hidrogen kimi karbon neytral enerji mənbələrini Aİ-yə tədarük etmək potensialına malikdir. Biz orta və uzunmüddətli perspektivdə təbii qaz, hidrogen, həmçinin bərpa olunan qaz qarışıqlarının nəqlinə hazırlıq üçün yol xəritəsini müəyyənləşdirmişik", - "TAP AG"dən bildirilib.

Şirkət xatırladıb ki, 2021-ci ildə aparılan ilkin araşdırma nəticəsində TAP-ın gələcəkdə hidrogen qarışığını nəql etmək qabiliyyəti təsdiqlənib.

"Hazırda biz beynəlxalq laboratoriyada boru kəməri materiallarının sınaqlarını aparırıq. 2024-cü ilin dördüncü rübündə aparılan ilk sınaqların nəticələrinin qiymətləndirilməsi davam edir. Növbəti sınaqlar artıq başlayıb və onların nəticələri 2025-ci ildə gözlənilir. Sınaqlar başa çatdıqdan sonra nəticələr hərtərəfli qiymətləndiriləcək", - şirkətdən bildirilib.

Bundan başqa, "TAP AG" TAP qaz kəmərinin digər avadanlıqlarının, xüsusilə yerüstü qurğuların hidrogen nəqli üçün yararlılığının təhlilinin vacibliyini vurğulayıb.

"Bu nəticələr nəzərə alınmalıdır. Yalnız bu qiymətləndirmələr başa çatdıqdan sonra TAP-ın hidrogen nəqlinə hazırlığını daha dəqiq başa düşmək mümkün olacaq", - şirkətdən bildirilib.

"TAP AG" bu tədqiqatların aparılması üçün enerji sektorunda ixtisaslaşmış beynəlxalq konsaltinq şirkəti olan "Penspen"i cəlb edib.

Müqavilə çərçivəsində "Penspen" şirkətinin mühəndis qrupu "TAP AG"nin yerüstü qurğularının, bağlayıcı klapanlarının və kompressor stansiyalarının hərtərəfli təhlilini həyata keçirəcək. Tədqiqatın məqsədi qaz kəmərinin mövcud infrastrukturunda hidrogen qarışıqlarından istifadənin məqsədəuyğunluğunu müəyyən etməkdir.

Xatıqladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir

İtaliya, Yunanıstan və Bolqarıstana TAP vasitəsilə Azərbaycan qazının tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər