Rövşən Nəcəf: "Azərbaycanın enerji baxımından unikal imkanları mövcuddur"

Rövşən Nəcəf: Azərbaycanın enerji baxımından unikal imkanları mövcuddur
İqtisadiyyat 6

"Azərbaycana məxsus karbohidrogen layihələri beynəlxalq investorlar üçün cəlbedici olaraq qalır".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, SOCAR-ın tərəfdaşları arasında enerji keçidini tarazlaşdırılmış şəkildə həyata keçirən şirkətlər var:

"Hazırda bir çox tərəfdaş şirkətlər həm ənənəvi neft-qaz, həm də bərpa olunan enerji mənbələrini əhatə edən enerji qarışığı ilə enerji təhlükəsizliyinə töhfə verir. Bu, sıfır emissiya öhdəliklərinə və davamlı inkişafa sadiqlik fonunda həyata keçirilir. Düşünürük ki, düzgün texnologiyalar və güclü tərəfdaşlarla ətraf mühitə minimum təsirlə hasilat mümkündür. Biz daim belə sistemlərin inkişafına necə töhfə verə biləcəyimizi müzakirə edir, bilik və texnologiya paylaşırıq".

Rövşən Nəcəf qeyd edib ki, SOCAR eyni zamanda neft və qaz yataqlarının kəşfiyyatına da investisiya yatırmaqda davam edir:

"Bunun səbəbi bu resurslara olan qlobal tələbatın hələ onilliklər boyunca davam edəcəyinə olan inamımızdır. Lakin bu prosesi də davamlılıq prinsiplərinə əsasən ən müasir texnologiyalarla və dekarbonizasiya səyləri ilə paralel şəkildə həyata keçirməliyik".

O əlavə edib ki, Azərbaycanın və ümumilikdə Cənubi Qafqaz regionunun enerji baxımından unikal imkanları mövcuddur:

"Bu regionda şirkətlər eyni məkanda həm ənənəvi enerji mənbələrinə, həm də bərpa olunan enerji və dekarbonizasiya layihələrinə sərmayə qoya bilərlər. Bu isə tarazlaşdırılmış enerji qarışığı üçün nadir fürsət yaradır".

Son xəbərlər