Azərbaycanda bank xarici vətəndaşın 1 milyon dollarını qaytara bilmir - Bank müflis elan oluna bilər
"Xarici vətəndaş iri banklarımızdan birindən bir neçə aydır ki, təxmini 1 mln. ABŞ dolları məbləğində əmanətini çıxara bilmir. Buna görə də Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək həmin bankın iflas proseduruna başlanılmasını xahiş edib ki, nəticədə Əmanətlərin Sığortalanması Fondu əmanətini qaytarsın".
BAKU.WS-in məlumatına görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, "Banklar haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, bank öz öhdəliklərini yerinə yetirmədikdə, kreditor Palataya vəsatətlə müraciət edə bilər: "Palata vəsatətə 5 təqvim günü müddətində baxmalı və iki variantdan birini seçməlidir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı təsdiq olunarsa, Palata onun lisenziyasını ləğv etməli və iflas proseduruna başlanılmasına dair məhkəməyə müraciət etməlidir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı təsdiqlənməzsə, Palata kreditora əsaslandırılmış imtina göndərməlidir".
Mütəxəssis qeyd edir ki, həmin xarici vətəndaş sözügedən bankı məhkəməyə də verib və birinci instansiya məhkəməsi əmanətin qaytarılması barədə qətnamə də qəbul edib: "Beləliklə də bankın öhdəliyini icra etməməsi açıq-aşkardır. Buna görə də Palatanın seçim imkanı məhduddur. Formal olaraq lisenziyanı ləğv etməlidir. Çünki əsaslandırılmış imtina verməsi sadəcə mümkün deyil (belə imtina verib bankın vəziyyətinin qənaətbəxş olmasını iddia etmək ümumiyyətlə Palata üçün gələcəkdə çox təhlükəli ola bilər, çünki onun kreditorları Palataya qarşı da iddialar irəli sürə bilər)".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda müştəri banka dərs keçdi (FOTO)
Azərbaycanda bankla müştəri arasında maraqlı hadisə baş verib. Belə ki, "Unibank”a vətəndaşın borcu ödəməməsi haqda onun iş yerinə müraciət edib. BAKU.WS-in mə...