
Bu ilin birinci rübündə Azərbaycanda 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton çoxdur.
BAKU.WS-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında energetika naziri Natiq Əliyev məlumat verib.
Nazir bildirilib ki, hasil olunan neftin 82 faizi "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarının payına düşüb. Üç ayda 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu Konsorsiuma, 220 min tonu isə SOCAR-a aiddir.
N.Əliyev qeyd edib ki, rüb ərzində respublikada 7,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu, proqnozdan 197 milyon kubmetr çoxdur.
BAKU.WS