SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Əmanətlərin Sığortalanması Fondu 2015-ci ilin 6 ayın yekunlarını açıqlayıb.

BAKU.WS-in Fonda istinadla verdiyi məlumata görə, bu ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 mlrd. 561 mln. manat təşkil edib. Cari ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%), qorunan  əmanətlər isə 1 452 mln.manat (46,9 %) artıb. Kompensasiya olunan əmanətlər 437 milyon manat (25,9%) artaraq 2 mlrd. 122 milyon manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.

Üzv banklar tərəfindən 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da   90%-i (6 444 188 nəfər) sığortalanan əmanətçilərdir. Sığortalanan  əmanətlərin 69% - i ABŞ dollarının, 27% - i manatın, 4% - i avronun payına düşür. Cari ilin 6 ayın yekunlarına görə  Fondun sığorta ehtiyatları 103  mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5  milyon manatı  dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,2 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə "Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 mln. manat təşkil edib.

Cari ilin 6  ayının nəticəsinə görə Fondun gəlirləri 12,4 mln. manat olmuşdur ki,  bunun da 10,6 mln. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil etmişdir. Fondun cəmi xərcləri 766,5 min manat  təşkil etmişdir.2015-ci ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki,  24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən sığortalanan  əmanət hesab olunur. Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər sığortalanmır və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən sığortalanan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.
 
BAKU.WS