SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün müzakirə olunan məsələlərdən biri də nəqliyyatla bağlıdır və burada da əməkdaşlıq üçün çox geniş imkanlar var. Biz Ukraynanın nəqliyyat infrastrukturunu Azərbaycanın nəqliyyat infrastrukturu ilə birləşdirə və vahid tarif siyasəti apara bilsək, hesab edirəm ki, ölkələrimizin ərazisindən keçən yükdaşımaların həcmi kəskin artacaq. Biz keçən ilə nisbətən artımı görürük, ancaq hesab edirik ki, bu, daha da təsirli ola bilər".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma böyük investisiya layihələri hesabına Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirilib və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır.

"Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni, bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar. Beləliklə, bu layihələr, o cümlədən təhlükəsizliyə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya da xidmət göstərir. Hesab edirəm ki, bütün bu müsbət əsasları nəzərə alaraq biz qısa müddət ərzində həm ticarət dövriyyəmizi artıra, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilərik. Beləliklə, bu biznes forumun konkret nəticələri olacaqdır".

BAKU.WS