13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Prezident İlham Əliyev Bolqarıstana səfər etdi. Dövlət başçısı tədbirdə çıxışı zamanı Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırdığını diqqətə çatdırdı.

“Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq”, - deyə Prezident bildirdi.

Bundan əlavə, Azərbaycan artıq Yunanıstana, oradan da Bolqarıstana təbii qaz çatdıracaq. Həmin qaz Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilir. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə bağlanıb. Müqaviləyə əsasən, Azərbaycan Bolqarıstanın təbii qaz tələbatının 25-30 faizini ödəyəcək.

Maraqlıdır, Azərbaycanın ixrac etdiyi qazın həcmlərinin artması gəlirlərə hansı səviyyədə təsir göstərəcək?

BAKU.WS xəbər verir ki, mövzu barədə oxu.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib ki, söhbət əgər oktyabrın 1-dən istismara verilən, Yunanıstandan Bolqarıstana uzanan, TAP-ın qolu olan 182 kilometrlik IGB birləşdirici qaz kəmərindən gedirsə, onun ixrac gücü hazırda üç milyard kubmetrdir, ancaq elə layihələndirilib ki, gələcəkdə beş milyard kubmetrə də çatdırıla bilər:

“Ancaq orada “Şahdəniz” qazının 3-5 milyard kubmetrədək artırılması nəzərdə tutulmur. “Şahdəniz-2” layihəsi üzrə nə qədər qaz çıxarılır-çıxarılsın, onun hamısı 25 il müddətinə satılıb. Yəni “Şahdəniz-2” layihəsi üzrə bizim bir kubmetr qazımız yoxdur ki, kiməsə verək. Oraya Azərbaycanın digər yataqlarından çıxan mavi yanacağın nəql edilməsi gözlənilir. Bu isə o zaman mümkündür ki, bizdən qaz almaq niyyətində olan şirkətlər qazı hasil edən şirkətlərlə hər iki tərəfi kommersiya baxımından qane edə biləcək qiymət əsasında müqavilə imzalayacaqlar. Yəni əgər bəyan edildiyi kimi, oradakı idxalçılar Azərbaycanın istehsalçılarını razı sala bilsələr, Bolqarıstana, Slovakiyaya, Macarıstana, Rumıniyaya, Serbiyaya qazımız gedəcək. Nə həcmdə olacağı isə bəlli deyil. Çünki o kəmərlə həmçinin Yunanıstanın Aleksandrupolis şəhərindəki maye qazın da Şərqi və Mərkəzi Avropaya idxalı nəzərdə tutulub”.

Ekspert bildirib ki, qazın hansı həcmdə və necə olacağı tələbatdan və alıcını qane edəcək qiymətdən asılıdır:

“Avropadakı o kəmərlər ona görə inşa edilməyib ki, ancaq Azərbaycan qazı daşınsın. Bizim özümüzün də heç marağımızda deyil ki, ancaq qaz ixrac edək.

Azərbaycan Prezidenti Sofiyada maraqlı açıqlama da verdi ki, biz Avropaya nəinki qaz, həmçinin elektrik enerjisi ixracında da maraqlıyıq və bununla bağlı maraqlı təkliflərimiz də var, biz qazı elektrik enerjisinə çevirib Avropaya birbaşa elektrik enerjisi də sata bilərik. Yəni zaman-zaman ticarətdə təkliflər dəyişir, odur ki, Azərbaycanın bir neçə yataqda və səpkidə həmişə alıcılara təklifləri olur. Biz şaxələnmiş ticarət əlaqələrində maraqlıyıq. Bunun özü müsbət haldır”.

BAKU.WS