SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanda ipoteka krediti ilə ev alanlar sığorta ilə bağlı problemlə üzləşə bilər. Söhbət ipoteka krediti ilə alınan əmlakın natamam sığortalanmasından gedir. Sığorta ekspertləri bildirirlər ki, son dövrdə ipoteka ilə alanınan evlərlə bağlı sığorta mübahisələri yaranıb. Belə ki, ötən il natamam sığortada avtomobil kreditləri bağlı  müştəri ilə mübahisələr yaranırdısa,  indi bu mübahisələrin miqyası genişlənib və digər kreditlərdə də nəzərə çarpır. 

Natamam sığorta nədir? 

Əvvəlcə natamam sığortadan başlayaq. Söhbət ondan gedir ki, bəzi hallarda əmlaklar,məsələn, ev və ya avtomobil tam dəyərində deyil, müəyyən qisimdə sığortalanır. Məsələn, bank  100 min manatlıq evin alınması üçün müştəriyə 50 min manat ipoteka krediti verib (pulun qalanını, yəni 50 min manatı müştəri özü ödəyib). Adətən belə hallarda bankla iş birliyi edən sığorta şirkəti evi bütün qiymətinə görə deyil, yalnız ipoteka kreditinin məbləğinə uyğun olaraq 50 min manatlıq sığortalayır. Bu isə o deməkdir ki, evin 50 %-i sığortalanıb. Yəni, evə yanğın zamanı 10 min manat ziyan dəyərsə, müştəri 10 min manat deyil, sığortalanma faizinə uyğun olaraq 5 min manat ala biləcək. Bir qayda olaraq ipoteka krediti ilə ev və ya adi kreditlə avtomobil alan müştəri belə detallardan xəbərsiz olur. Mübahisə o zaman yaranır ki, artıq sığorta hadisəsi baş verir və müştəriyə bağlanan müqaviləyə uyğun olaraq az ödəniş edilir. 

Müştəri ucuz olsun deyir, bank da sığortadan "kəsir”

Məsələ burasındadır ki, ötən ilin sonundan başlayaraq  kreditlə alınan avtomobillərlə yanaşı, ipoteka ilə alınan evlərlə bağlı da belə bir problem ortaya çıxıb. Qarant Sığorta agentliyinin rəhbəri Ramin Səmədov fins.az-a bildirib ki, artıq məsələ ilə bağlı bir neçə belə halla qarşılaşıb. Belə ki,  müştəri ipoteka və ya avtomobil kreditini  tez almaq üçün tələb olunan sığortanı da həyata keçirir. Sığorta xərci 2 min manatdırsa,  daha aşağı qiymətə- 1500 manata sığorta tələb edir. Bankın əməkdaşı isə müştərinin tələbini yerinə yetirmək üçün natamam sığorta tətbiq edir, amma onun necə işlədiyini və hansı nəticələrə səbəb olacağını müştəriyə bildirmir. Yəni, müştəri əmlakının yarısının sığortalanmasından xəbərsiz olur.

Bank 48 minlik evi 32 min dəyərində sığortalatdırıb

R.Səmədov bildirib ki, mart ayında Bakıda ipoteka ilə alınan evdə sıığorta hadisəsi olub. Yuxarı mərtəbədəki qonşu suyu açıq qoyub. Nəticədə aşağıdakı sığortalı mənzilə 700 manat ziyan dəyib. Buna qədər ev sahibinin mənzilin natamam sığortalı olduğu halda məlumat olmayıb. Bu ziyan qarşılığında sığorta şirkəti cəmi 469 manat ödəniş edib. Araşdırmadan sonra məlum olub ki, 48 min manatlıq ev  kreditin məbləğinə uyğun olaraq 32 min manatlıq  sığortalanıb. Ona görə ödəniş tam verilməyib. 

Xərclər az olsun deyə, banklar belə addım atır 

R.Səmədov hesab edir ki, banklar  xərclərin az olması və müştərini itirməmək üçün evi və ya maşını sığortalayarkən   bu  haqda müştəriyə məlumat vermirlər. Müştəri isə ucuz sığorta adı ilə ziyana düşmə riskinin böyük olduğunu bilmir. 

60 min ziyan dəyən mağazaya 20 min ödədilər

Məsələn, başqa belə bir hadisə ötən ilin noyabr ayında Bakıda 28 may küçəsində baş verib. Ayaqqabı mağazasının sahibi 100 min manatlıq əmlakı girov qoyaraq 30 min manat kredit götürüb. Bank vasitəsilə əmlakın yalnız 33 %-i sığortalanıb.  Güclü yağış zamanı mağazaya 50 min manat ziyan dəyib. Əmlakını sığortalamasına arxayın olan mağaza sahibi əmlakına dəyən ziyanı tam ala bilməyib. Belə ki, natamam sığortaya görə müştəriyə 20 min manat ödəniş verilib. 

Böyük ziyan olarsa, evinizi itirə bilərsiniz 

R.Səmədov bildirib ki, ipoteka kreditləri ilə bağlı sığortalı evlərə adətən 1000 manata qədər ziyan dəyir.Əksər hallarda isə qonşusundan ziyanın tələb ediləcəyini bilib sığorta ödənişindən imtina edirlər. Amma böyük zərərlərdən heç kim sığortalanmayıb. Yəni, evə 10 -20 min manat ziyan dəyərsə, müştəri həm evini itirməklə yanaşı, həm də banka krediti qaytarmağa məcbur olacaq.Məsələnin ciddiliyi bu zaman üzə çıxır. 

İpoteka krediti alanlar sığorta şirkətinə müraciət etsin

Vəziyyətdən çıxış yolu ipoteka  krediti ilə ev alan müştərilərin sığorta alarkən diqqətli olmasıdır. Sığorta eskperti Cəlal Mehdiyev fins.az-a bildirib ki, təkcə ipoteka krediti deyil, bütün kredit sığortalarında belə bir problem var. Onun sözlərinə görə, kredit sığortası əsasən banklar vasitəsilə həyata keçirilir. Ona görə də sığorta şirkəti birbaşa müştəri ilə təmasda ola bilmir. Digər hallarda isə sığorta şirkəti əvvəlcədən müştəriyə bu sığorta haqqında məlumat verir və seçimi müştərinin üzərinə buraxır. C.Mehdiyev hesab edir ki,müştəri əmlakının natamam sığortalanmasını və gələcəkdə hər hansı problemlə üzləşəmək istəmirsə sığorta müqaviləsini alarkən diqqətli olmalıdır və evin, avtomobilin tam sığortalanmasını tələb etməlidir. Ən etibarlı üsul isə odur ki, müştəri əmlakını bank vasitəsilə deyil, birbaşa sığortalamaq üçün sığorta şirkətinə müraciət etsin.
 
BAKU.WS