SİZİN REKLAM BURADA!
055 213 76 73


“İran İslam Respublikası” adlanan ölkə nəinki İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın tələblərinə, hətta öz konstitusiyasına belə əməl etmir".

Bu sözləri BAKU.WS-ə danışan politoloq Elçin Mirzəbəyli deyib. 

Onun sözlərinə görə, İran İslam Respublikasının konstitusiyasının 19-cu bəndinə görə, bu ölkənin vətəndaşları arasında “rənginə, irqinə, dilinə görə heç bir fərq qoyulmur”. Konstitusiyanın 15-ci bəndində isə bildirilir ki, “fars dili ilə yanaşı, regional və etnik dillərdən çap məhsullarında, kütləvi informasiya vasitələrində istifadəyə və təhsil müəssisələrində tədris edilməsinə icazə verilir”:

"İran dünyada barmaqla sayılan ölkələrdəndir ki, bu günədək qadınların hüquqlarını qoruyan, həmçinin işgəncələr əleyhinə olan heç bir beynəlxalq sənədi, o cümlədən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında ” Konvensiyanı və ona fakültativ əlavəni, “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı” Konvensiyanı və ona əlavələri imzalamayıb.
Bütövlükdə isə, İran İslam Respublikasının siyasi sistemi, öz vətəndaşlarına, xüsusilə də qeyri-fars etnik kimliyi olan insanlara, o cümlədən müxtəli mənbələrə görə, sayı 35-45 milyon nəfər civarında olan azərbaycanlılara olan münasibəti həm hüquqi, həm siyasi müstəvidə humanizm prinsipləri baxımından bəşəriyyətin üz qarasıdır. Baxmayaraq ki, İran konstutusiyası qeyri-fars dillərindən istifadəyə icazə verir, amma molla rejimi ölkənin ana qanunun digər müddəalarını əsas gətirərək, bu hüquqların daha çox qeyri-müsəlmanlara aid olduğunu iddia etməklə, ölkə əhalisinin az qala yarısını təşkil edən azərbaycanlıların, eləcə də digər türk xalqlarının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozmaqda davam edir və assimilyasiya siyasəti yürüdür. Amma ermənilərə münasibətdə isə molla rejiminin xüsusi rəğbəti və sevgisi açıq-aşkar hiss olunur".

E.Mirzəbəyli onu da qeyd etdi ki, hər il paytaxt Tehran da daxil olmaqla İranın ən müxtəlif şəhərlərində erməni məktəblərinin ənənəvi sərgisi keçirilir:

"Sərgidə erməni dilində, müxtəlif dövrləri əhatə edən dərsliklər nümayiş etdirilir. Bundan başqa, Tehrandakı erməni məktəblərində istifadə olunan əşyalar, çap maşınları, məktəbli geyimləri də ziyarətçilərin diqqətinə təqdim olunur. Rəsmi məlumatlara görə, hazırda İranda 60-80 min arası erməni yaşayır. Buna baxmayaraq, təkcə Tehran şəhərində ermənilərin təsis etdiyi 53 məktəb fəaliyyət göstərir. Onlardan 20-də yalnız ermənilər və əsasən öz dillərində təhsil alırlar. Bundan başqa, paytaxt Tehranda ermənilər üçün nəzərdə tutulan çoxsaylı uşaq bağçaları da fəaliyyət göstərir...

"Şübhəsiz ki, mənim, o cümlədən həmvətənlərimizin əksəriyyəti üçün Tehranda fəaliyyət göstərən erməni məktəbləri və İran ermənilərinin həyat tərzi heç bir əhəmiyyət kəsb eləmir. Amma nəzərinizə çatdırım ki, burnunu bütün ölkələrin daxili işinə soxub, ağlasığmaz nağıllar uyduran, özünü az qala kiçik xalqların hamisi kimi təqdim edən İran rejimi öz sərhədləri daxilində yalnız və yalnız 60-80 minlik etnik erməninin milli-mədəni hüquqlarını tanıyır.

İndi keçək molla rejiminin rəsmi statistikası ilə özünüifşasına:

Qeyd edim ki, İran Dövlət Mədəniyyət Şurasının 2010-cu ildə keçiridiyi sorğuya görə, ölkə əhaləsinin 47,55%-i özünü fars, 31,13%-i türk (22,45% Azərbaycan türkləri, 8,68% digər türk əsillilər), 7,78%-i kürd, 7,25%-i lor, 2,51%-i bəluc, 2,40%-i isə ərəb dilli hesab edilir. Xatırladım ki, bu İran Dövlət Mədəniyyət Şurasının keçirdiyi son sorğudur və sorğu da, çox güman ki, məqsədyönlü şəkildə milli mənsubiyyət yox, ana dili amili üzərindən gerçəkləşdirilib. Çünki İranda yaşayan əhalinin əhəmiyyətli hissəsi gündəlik həyatda öz ana dillərindən istifadə etmir, fars dilində təhsil alır və bu dildə danışırlar. Bu baxımdan, gerçək rəqəmlərlə Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi göstəricilər arasındakı fərqin kifayət qədər böyük olduğunun, zənnimcə, əlavə sübuta ehtiyacı yoxdur. Müxtəlif hesabatlarda İran İslam Respublikası adlanan ölkədə, öz tarixi torpaqlarında 35-45 milyon civarında türkün yaşadığı bildirilir. Amma yenə də İran Dövlət Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi statistik göstəricilərindən çıxış edərək, bu ölkənin öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtaran başbilənlərinə, həmçinin sosial şəbəkələrdəki başyaran və saçyolanlarına sadə bir sual ünvanlamaq istəyirəm:

Necə olur ki, İran əhaləsinin, rəsmi statistikaya görə, 31,13, 7,78, 7,25, 2,51 və 2,40%-ni təşkil edən xalq və etnik qrupların öz ana dillərində məktəbləri yoxdur, amma sayı 0,001%-dən də az olan ermənilərin hər şeyi var – erməni dilində uşaq bağçaları və məktəbləri, mədəniyyət mərkəzləri və s.

Əlahəzrət FAKT konkret göstərici və müqayisəli, əsaslandırılmış arqument tələb edir. Bu da havaya üfürdüyünüz ideoloji nağıllar deyil ki, Həzrət Abbasa and içib canını qurtarasan. Yaxud hansısa ehkamın arxasında gizlənib həqiqəti dilə gətirənləri susdurasan...

Özünü “İran İslam Respublikası” adlandıran mollakratiya əslində müsəlmanların, o cümlədən müsəlman türklərin qənimidir. Ermənilərə gələndə isə, Hind-Avropa “kökləri”, hansısa qondarma “ortaq mədəniyyət” paniranizm xəstəliyi baş qaldırır və müsəlmanları soyqırımına məruz qoyan, məscidlərində donuz saxlayan, ziyarətgahlarını, məzarlarını, yurdlarını yer üzündən silən ermənilərə “qardaş” deməkdən belə çəkinmirlər. Bu İran rejiminin gerçək simasıdır. Boyasız, niqabsız, əmmaməsiz, çadrasız..."

BAKU.WS