SİZİN REKLAM BURADA!
055 213 76 73


Son bir həftə ərzində Rusiya ordusunun paytaxt Kiyev və Xarkov istiqamətində hücumu nisbətən azalıb. Aktiv döyüşlər barədə xəbərlər əsasən Ukraynanın cənubundan gəlir.

Qarşıdurmanın əsas nöqtəsi 2014-cü ildə özünün "müstəqilliyini" elan edən qondarma DXR qüvvələrinin ələ keçirə bilmədiyi və Azov dənizinin sahilindəki böyük Mariupol şəhəridir.

Mariupolun mühasirəsi iki həftədən çoxdur ki, davam edir. Yerli əhaliyə su, yemək və dərman çatmır, elektrik enerjisi kəsilib, rabitə əlaqəsi yoxdur. Bombardmanlar isə hər gün davam edir.

Mariupolu ələ keçirmək niyə ruslar üçün bu qədər vacibdir?

Mariupol şəhəri Rusiyanın kəsməyə can atdığı Krıma gedən yolda əsas nöqtədir. Böyük sənaye mərkəzi və liman şəhəridir. Şəhər həmçinin Ukraynanın şərqdə əsas qalası hesab olunur.

Bu gün Mariupol Azov dənizinin sahilində Krımı "Donetsk Xalq Respublikası"ndan ayıran sonuncu şəhərdir. Donetskə gedən quru yolu üzərində yerləşən Geniçesk, Berdyansk və Melitopol artıq Rusiya hərbçiləri tərəfindən ələ keçirilib. Mariupolun Rusiya ordusu tərəfindən ələ keçirilməsindən sonra cənub-şərqdə Ukrayna ordusu faktiki olaraq mühasirəyə düşəcək.

Donetskin rusiyayönlü birləşmələrin nəzarətinə keçməsi Mariupolu Ukraynanın Donetsk vilayətinin faktiki paytaxtı edib. Mariupol həm də iqtisadi cəhətdən əhəmiyyətlidir. Ukrayna metallurgiya sənayesinin mərkəzlərindən biri olan şəhərdə ən böyük maşınqayırma müəssisəsi olan "Azovmaş" və Dəniz Ticarət Limanı yerləşir.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun paylaşımlarına əsasən, çeçen döyüşçülər bir-birinin ardınca Mariupoldakı Ukrayna ordusunun mövqelərini ələ keçirir və qarşı tərəfi geri çəkilməyə məcbur edir. Ukrayna tərəfi isə "Azov" alayı döyüşçülərinin rus texnikalarını vurmasını əks etdirən görüntülər yayırlar. Şəhərin əsas müdafiəsini "Azov" alayı öz üzərinə götürüb. Rusiya tərəfdən isə Hərbi Dəniz Qüvvələri ilə yanaşı çeçen xüsusi təyinatlılar iştirak edir. Görünən odur ki, şəhər uğrunda ölüm-dirim savaşı gedir. Şəhər uğrunda döyüşlərdən kimin qalib çıxacağını isə zaman göstərəcək. 

Orxan Hüseyn
BAKU.WS