SİZİN REKLAM BURADA!
055 213 76 73


Ürək xəstəlikləri dünyada əsas ölüm səbəbi olaraq qalır. Üstəlik getdikcə ölən insanların sayı artır. 2019-cu ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 2000-ci ilə nisbətən 2 milyon çox olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasında deyilir.

ÜST-ün məlumatına görə, ürək-damar xəstəlikləri dünyadakı bütün ölümlərin 16 faizinin səbəbidir. Bununla belə ÜST-ün Avropa bölgəsində son 20 ildə ürək xəstəliklərindən ölənlərin sayı 15 faiz azalıb.

Planetdəki əsas “qatillər”in ilk onluğuna yeddi qeyri-yoluxucu xəstəlik daxildir. Xüsusilə bu siyahıya ilk dəfə olaraq Altsheymer xəstəliyi və diabet də salınıb. Sonuncunun səbəbi olduğu ölüm 20 il ərzində 70 faiz artıb.

Dünyada 10 əsas ölüm səbəbi

İşemik ürək xəstəliyi

İnsult

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

Aşağı tənəffüs yolu infeksiyaları

Neonatal xəstəliklər və pozuntular

Ağciyər, traxeya, bronx xərçəngi

Altsheymer xəstəliyi, digər demensiya növləri

İshal

Diabet

Böyrək xəstəlikləri

"Yeni məlumatlar – qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsinə diqqət yetirməli olduğumuz barədə daha bir xatırlatmadır”, – deyə ÜST-ün rəhbəri Tedros Gebreyesus bildirir.

Yoluxucu xəstəliklər arasında birinci yeri aşağı tənəffüs yollarının infeksiyaları, ilk növbədə isə pnevmoniya tutur. Doğrudur, ÜST-də qeyd edildiyi kimi, bu xəstəliklərlə bağlı ölüm hallarının sayı azalıb.

Ölüm səbəblərinin ilk onluğuna artıq HİV/AİDS daxil deyil, qlobal səviyyədə bu sindrom indi 19-cu yerdədir. Lakin Afrikada dördüncü sıradadır.

20 il ərzində ömür uzunluğu altı il artıb. ÜST-ə görə insanlar indi orta hesabla 73 il yaşayır. Əlbəttə ki, müxtəlif bölgələrdə ömür uzunluğu göstəriciləri bir-birindən fərqlənir.

Eyni zamanda, bütün dünyada əlil, xüsusən də həmin xəstəliklərlə - işemik ürək xəstəliyi, insult, diabet, ağciyər xərçəngi və xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli olanların sayı artır.

ÜST qeyd edir ki, müxtəlif xəstəliklərlə yanaşı qəzalar da çox vaxt ölüm və əlilliyə səbəb olur. Məsələn, yol-nəqliyyat hadisələrinin sayı artıb. Üstəlik yol qəzalarında xəsarət alanların 75 faizi kişilərdir.

ÜST son 20 ildə Amerikada narkotiklərlə əlaqəli ölümlərin üç dəfə artdığını da bildirir.

BAKU.WS