SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiya dövründə Azərbaycanda toy məclislərinin keçirilməsinə qoyulan qadağa hələ də qüvvədədir.

BAKU.WS xəbər verir ki, bir çox insan ailə həyatı qurmaq üçün restoran və şadlıq evlərində toy məclislərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılmasını gözləyir.

Nazirlər Kabineti yanında Operativ Qərargah toyların keçirilməsi ilə bağlı mümkün variantları səsləndirməsə də, ictimaiyyətdə məhdud sayda insanın iştirakı ilə toy məclislərinin keçirilməsi ən çox müzakirə olunan məsələlərdən biridir. Aktrisa, Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızı BAKU.WS-ə açıqlamasında bildirdi ki, mövcud vəziyyətdə 50-70 nəfərlik toyların keçirilməsinə icazə verilsəydi, yaxşı olardı:

"Koronavirus ümumi bir bəladır. Amma toylara qoyulan qadağa, əlbəttə, böyük bir insan kütləsinə ziyan vurur. İfaçılarımız, musiqiçilərimiz və digər insanlar hamısı toylarla dolanırlar və onlar indi çətin durumdadırlar.

Mövcud vəziyyətdə 50-70 nəfərlik toyların keçirilməsinə icazə verilsəydi, yaxşı olardı. Toyların olmamasındansa, belə keçirilməsi yaxşı olardı. Amma bu da var ki, 50-100 nəfər ya oğlan, ya da qız evi olur. Yenə də olmamasından yaxşıdır. Azərbaycan xalqında adət-ənənə belədir ki, hamı qohum və əqrabalarını toy məclislərinə dəvət edirlər.  

İndiki vəziyyətdə açıq havada toyların keçirilməsi daha yaxşı olardı. Dövlət tərəfindən edilən güzəştlər sayəsində iri restoran və şadlıq saraylarındakı 500-600 nəfərlik salonlarda 200-250 nəfərlik toy məclislərinin keçirilməsi məqsədəuyğun olardı. Belə olan təqdirdə sosial məsafə gözləmək də mümkün olardı. Burada qonaqlar maska da taxa bilər və restoranların zalındakı hündürlük də kifayət qədərdir.

Afaq Bəşirqızı hesab edir ki, bu məsələdə mütləq qərar vermək lazımdır, çünki burada bir neçə nəfərin taleyindən söhbət getmir: "Bu məsələdə mebel mağazaları, musiqiçilər, müğənnilər, restoran işçiləri və toylarda istifadə olunan ərzaq məhsullarını satan şəxslərin gördüyü ziyandan söhbət gedir.

Mən aktyor tanıyıram ki, kasıb adamdır. Ayın birinə bir təhər toy danışmışdı ki, orada aparıcılıq edəcəkdi. Amma bundan məhrum oldu. Burada mütləq şəkildə çıxış yolu tapmaq lazımdır. Bir məsələ də var ki, evdən bayıra çıxmamaq, işıqları söndürmək insanda istər-istəməz xaos yaradır, hamının əsəbləri tarıma çəkilir.

Restoran sahibləri də bu məsələdə güzəştə getməyi bacarmalıdır. Restoran var ki, adambaşı 150 manat, restoran da var ki, 35 manatdır. Həmin o 150-200 manatlıq şadlıq evləri haradasa güzəştə getməlidir. Bu onsuz da müvəqqəti bir haldır".

Orxan Hüseyn
BAKU.WS