Tovuzdakı dəhşətli qəzada ölən hərbçilərə şəhid statusu veriləcək?
Noyabrın 27-si Tovuzdakı dəhşətli qəzada həyatını itirən 6 nəfərdən 5-i hərbçi olub.
İndi hər kəsi maraqlandıran məqam onlara şəhid statusunun verilib-verilməməsidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Baku TV-yə bildirilib ki, bu, hərbi hissənin təqdim etdiyi arayış əsasında verilir. Əgər məsələ ilə bağlı arayış daxil olarsa, baxılacaq və onlara şəhidlik statusu təqdim ediləcək.
Müdafiə Nazirliyinin qəza ilə bağlı yaydığı məlumatda bildirilir ki, hərbçilər xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində həlak olublar.
Onu da bildirək ki, şəhid Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölən hesab edilən şəxsdir. Həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olan, itkin düşən və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər də şəhid hesab edilir.
Qeyd edək ki, dünən axşam saatlarında Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Ölənlərdən beşi hərbçidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza nəticəsində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları: baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.
Qəzada ölən digər şəxs "Mercedes" markalı avtomobildə olan E.Həsənovdur. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Oxşar xəbərlər
Bakıda Rumıniyanın Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 106 illiyi ilə bağlı qəbul keçirilir. "Report" xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliy...