İqtisadiyyat naziri: "KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi artır"
Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu intensiv olaraq artır.
BAKU.WS xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"KOB-lar ümumi daxili məhsulun (ÜDM) artmasına, iş yerlərinin yaradılmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reintegrasiyasına mühüm töhfələr verir. Yeni dönəmdə isə zəruri trendə çevrilən "yaşıl iqtisadiyyat"ın inkişafında da onlar öz sözünü deməlidir", - deyə o qeyd edib.
"Hazırda ölkəmizdə bizneslərin 99 %-dən çox hissəsini KOB subyektləri təşkil edir. Bu baxımdan, yaşıl artımın və "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi böyük ölçüdə KOB-ların yaşıl transformasiyasından keçir. İstilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-lar enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır", - deyə nazir əlavə edib.
"Dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olur. KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları mənimsəməyə imkan verir. KOB-lar bazardakı dəyişikliklərə və istehlakçı seçimlərinə çevik reaksiya verə bilir ki, bu da sürətlə trendə çevrilən "yaşıl iqtisadiyyat"da vacib amildir. Ənənəvi sənaye sahələrindən asılılığın azaldılmasında, "yaşıl" həllərin hazırlanmasında, iqtisadi diversifikasiyanın güclənməsində kiçik və orta sahibkarlığın xüsusi yeri var", - deyə M.Cabbarov vurğulayıb.
Oxşar xəbərlər
SOCAR rəsmisi COP29 çərçivəsində keçirilən panel müzakirələrində çıxış edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Teymur Quliyev COP29 çərçivəsində keçirilən panel müzakirələrində çıxış edib. BAKU.WS SOCA...