SİZİN REKLAM BURADA!
055 213 76 73



"Volkswagen Azərbaycanda hər bir avtomobilinə yürüşdən asılı olmayaraq 2 il zəmanət verir. Yeni Passatlarda bu zəmanət 5 ilə qədər uzadılıb, amma 150 000 km yürüş məhdudiyyəti ilə. Volkswagenin zəmanəti “from bumper to bumber” anlamı ilə təyin olunur. Yeganə bir şərtimiz odur ki, avtomobil bütün dövrü texniki xidmət prosedurlarından texniki servis mərkəzimizdə vaxtında keçməlidir".

Bu sözləri Volkswagen AG-nin Azərbaycanda yeganə rəsmi idxalçısı olan “Euro Style LTD” MMC-nin texniki servis mərkəzinin rəhbəri Asif Rzayev deyib. Asif Rzayev bildirir ki, heç bir müştəri deyə bilməz ki, biz zəmanət öhdəliklərimizi yerinə yetirməmişik:

Həmişə hər bir müştəriyə hətta zəmanət müddəti bitdikdən sonra imkan daxilində maksimal köməklik etməyə çalışmışıq. Buna tam əminliyimizin səbəbi ondan ibarətdir ki, Volkswagen AG yerlərdə olan servislə müştərini üz-üzə qoymur. Bu da o deməkdir ki, servis rəsmisi zəmanətə aid olan hissəni dəyişməklə özünə heç bir ziyan vurmamaqla yanaşı, avtomobil sahibinə kömək etmiş olur. Çünki, həm ehtiyat hissəsini, həm də işçilik məsrəflərini istehsalçı qarşılayır.

O ki qaldı “şişirdilmiş ziyan ittihamlarına” – onlar əsassızdır! Müstəqil qiymətləndirmə şirkətləri var. Və bu tipli ittihamlar irəli sürənlər hər bir qəzaya uğramış avtomobil üçün tərtib etdiyimiz qüsur aktını ekspertizaya həmin qiymətləndirmə şirkətlərinə göndərə bilərlər.

Burada başqa bir məqam ortaya çıxır – təmir üsulları və istifadə olunan hissələr.


Servisimizdə bütün təmir işləri istehsalçı zavod tərəfindən tərtib olunmuş texniki reqlament əsasında aparılır. Bu reqlament avtomobilin tam saz vəziyyətini, onun sərnişinlərinin, əlavə olaraq da nəqliyyat hərəkətinin digər iştirakçılarının təhlükəsizliyini təmin edir. Əgər reqlament üzrə zədələnmiş hissə dəyişməlidirsə, biz onu dəyişirik, təmir etmirik. Bu da məsrəfi artıra bilər. Amma müştərilər də başa düşməlidir ki, bu ilk növbədə onların təhlükəsizliyidir.

Məsələn, “orta dayaq” deyilən ban hissəsi yandan zərbə zamanı sürücü və sərnişinləri qoruyur. Reqlamentə əsasən həmin “dayaq” deformasiyaya məruz qalarsa dəyişməlidir. Çünki, təmir olunduğu halda artıq öz ilkin xüsusiyyətlərini və dayanıqlığını itirir. Bu isə təkrar qəza zamanı sürücü və sərnişinlərin həddindən artıq zədə almasına gətirə bilər.

Siz servis və ehtiyat hissələri işini necə qurmusunuz?

Servisimizin iş prinsipi alman standartları ilə qurulub. Ən qəliz təmir işləri üçün lazım olan bütün avadanlıqlar və xüsusi alətlər mövcuddur, mütəxəssislərimiz xarici ölkələrdə məşğələlərdə iştirak edib, imtahan verib sertifikatlar alırlar. Yalnız orijinal ehtiyat hissələri və sürtgü materialları istifadə edirik. Bu da imkan verir ki, gördüyümüz hər bir işə 2 il zəmanət verək. Bundan əlavə özünüz gördüyünüz kimi müştərilərin rahatlığı üçün servisin gözləmə zalında ən yüksək şərait qurulmuşdur. Hər bir təmirdə olan avtomobilin iş prosesi sahibi tərəfindən rahatlıqla izlənilə bilir.


İtirilmiş müştəriləri yenidən özünüzə cəlb etmək üçün hansı addımları atmağı planlaşdırırsınız?

Müştəri məmnuniyyəti bizim üçün ən önəmli meyyardır və Volkswagen sahiblərinin servisdən razılıqlarını yüksək səviyyədə saxlamaq üçün əlimizdən gələni edirik. Amma təbii ki, səhvlərimiz yoxdur desəm yanlışlıq etmiş olaram. Məhz onun üçün bir neçə əlaqə vasitəsi üzərindən müştərilərimiz öz irad, şikayət və təkliflərini bizə bildirə bilərlər. Facebook səhifəmiz, *5588 telefonu, servisdə olan rəhbərlə birbaşa əlaqə telefonu və s. Bir servis rəhbəri olaraq, qapım hər bir müştəriyə açıqdır və daima konstruktiv şikayət və təklifləri eşitməyə və kollektivin iştirakı ilə kömək etməyə hazıram.

Aylarla apardığımız sorğuların nəticəsi olaraq məlum olub ki, müştərilərimiz əsasən orijinal ehtiyat hissələrinin qiymətinin bahalığından narazılıq edirlər. Bu da anlaşılandır. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, almaniyadan idxal edilən ehtiyat hissələrinin qiyməti qeyri-orijinallardan, xüsusilə məzənnə dəyişikliklərindən sonra fərqlənir. Bunları nəzərə alaraq biz hər il xüsusi aksiyalar, kampaniyalar keçiririk ki, hər bir Volkswagen sahibi yararlana bilsin. Bu ildə istisna olmayacaq.

Əlavə olaraq onu bildirmək istəyirəm ki, 2017-ci ildə Volkswagenin Azərbaycanda fəaliyyət göstərməyin 20 illiyidir. 1997-ci ildə istehsalçı ilə müqavilə imzalayıb əməkdaşlığa başlamışıq. 20 illik yubileyimizi nəzərə alaraq xüsusi bir aksiya hazırlamaq qərarına gəldik və “İl boyu endirim” adlı bir aksiyaya start veririk. Bu gündən etibarən 2018-ci ilin dekabrınadək hər ay müəyyən adda və sayda orijinal ehtiyat hissələrinə 20% endirim edəcəyik. Bu isə imkan yaradacaq ki, Volkswagen sürücüləri il boyu endirimli qiymətlərdən faydalanıb avtomobillərini hər mövsümdə daha saz vəziyyətə gətirsinlər.

Noyabr ayında asqı sisteminə aid olan bir sıra hissələr 20% daha ucuz olacaq. Bu aksiya bütün modellərə şamil olunur. Növbəti ayda isə endirimdə olacaq hissələr cari ayın 20-dən sonra açıqlanacaq.


Aksiya çərçivəsində ediləcək endirim, alınıb aparılacaq ehtiyat hissələrinə də şamil ediləcək? Yoxsa endirimlə alınan detal mütləq servisdə avtomobilə quraşdırılmalıdır?

Aksiya yalnız servisimizdə dəyişilən ehtiyat hissələrinə aiddir. Bir məqamı vurğulayım ki, xidmət haqlarımız kənar servislərdən fərqlənmir, hətta bir sıra işlərdə daha ucuzdur. Ona görə müştərilər həmin hissələri servisdə dəyişməklə büdcələrinə qənaət edəcəklər.

Hörmətli Asif müəllim, bir daha müsahibə üçün təşəkkür edirik və həqiqətən də avtomobil servis işində bu qədər incəliklərin olmasını və onların həll yollarını bizə izahlı olaraq aşıladığınız üçün minnətdarıq.

Buyurun, mən də öz növbəmdə maraqlı və düşünülmüş suallarınıza görə təşəkkür edirəm. Ümid edirəm ki, müsahibəmiz oxucularınız üçün maraqlı və faydalı olacaq. Yekunda bir daha Volkswagen sahiblərini rəsmi servisə təşrif buyurmağa səsləyirəm. Hər hansı şayələrə inanıb rəsmi servisdən qorxmayın. Gəlib əyani olaraq özünüz tanış olub keyfiyyətli və zəmanətli xidmətdən yararlanın.

Volskwagen Bakı Mərkəzi
Ünvan: Bəbək pr-i, 35A
Telefon: *5588; 012 514 58 58
E-mail: [email protected]
Web: www.volkswagen.az
FB: www.facebook.com/VolkswagenAZ/
Instagram:
www.instagram.com/volkswagen_azerbaijan/