Bakıda toy karvanında hoqqabazlıq edərək təhlükə saçan sürücünün videogörüntüləri yayılıb. Bildirilir ki, bu görüntülər bir neçə gün əvvəl Heydər Əliyev prospektində çəkilib.

Avtosfer.az-ın məlumatına görə, "Lexus" markalı, 10 CB 111 dövlət nömrə nişanlı avtomobilin sürücüsü toy karvanında təhlükəli manevrlər edib. O, bu hərəkətləri davamlı olaraq təkrarlayıb və bir anda idarəetməni itirərək qarşı yola çıxıb.
 
Videodan da göründüyü kimi, sürücü qarşı yolda hərəkət edən ağ rəngli digər avtomobillə toqquşmadan son anda qurtula bildi. Lakin yolda bir neçə dəfə təhlükəli vəziyyət yaradaraq üzü geriyə dayanır. Onun bu hərəkətləri toy karvanını lentə alan operatorun olduğu avtomobil üçün də təhlükə yaradır. Dəqiq görünməsə də, həmin avtomobillə "Lexus"un toqquşduğu hiss olunur.

Son vaxtlar toy karvanlarında baş verən yol qəzalarının, ağır faciələrin səbəbi yəqin ki, çoxlarını düşündürür. Səbəb bu cür məsuliyyətsiz sürücülərdir.

Ümid edirik ki, Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Dövlət Yol Polisi İdarəsi bu görüntülərlə bağlı müvafiq tədbirlər görəcək. 
 
BAKU.WS