SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

BAKU.WS xəbər verir ki, görüşdə çıxış edən Prezident yeni icra başçılarına bir sıra tapşırıqlar verib.

Həmin tapşırıqların siyahısını təqdim edirik:

- Nabran bölgəsində turizm infrastrukturu müasir standartlara cavab verməlidir.

- Müasir tələblərə uyğun şəkildə abadlıq işləri aparılmalıdır.

- Yevlax rayonunun içməli su və kanalizasiya layihəsi ilə bağlı işlər davam etdirilməlidir.

- Kənd təsərrüfatı sahəsində böyük imkanlar var. Sənaye baxımından çox böyük potensial var. İcra başçıları bütün bu işlərdə fəal olmalıdırlar.

- Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir.

- Vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. 

- Sizin işiniz kabinet işi olmamalıdır. Çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.

- Vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız.

- Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.

- Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır.

- Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər.

- Mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Bir neçə rayonda Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır.

- Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. Rayonlarda iş axtaran işlə təmin olunsun.

- İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın.

- Sizə tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq.

- Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam.
BAKU.WS