SİZİN REKLAM BURADA!
055 213 76 73


"GN Tobacco Sweden" şirkətinin məhsullarının Azərbaycanda satılması xəbərini aldıqdan sonra ilk olaraq şirkətin erməni ailəsinə məxsus olub-olmadığını araşdırdıq. İnternetdə çox da uzun çəkməyən axtarışlardan sonra məlum oldu ki, şirkətin hazır ki sahibi İsveçdə adı keyfiyyətsiz məhsullar istehsal etməkdə və qaçaqmalçılıqda hallanan Gevork Nalbandyandır.

BAKU.WS ARB Xəbər-ə istinadla xəbər verir ki, şirkətin idarə heyətində ailə üzvləri Sergey və Antonina Nalbandyan da yer alıb. Tütün biznesi isə ailəyə 1937-ci ildə babalarından qalıb. Ailə öz məhsullarını 2009-cu ildən "GN Tabacco ID" adı ilə dünya bazarına çıxarıb. İşimiz Nalbandyanların biznesi, hara nə satmaları ilə deyil. İsveçdə yaşayan azərbaycanlıların əldə etdiyi məlumata görə, adı çəkilən şirkətin məhsulları Azərbaycan bazarında da satılır. 

İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyevin sözlərinə görə, erməni diasporasının fəaliyyəti burada çox güclüdür. Onlar Qarabağa həddindən artıq yardım edirlər.  

Azərbaycanda  "GN Tobacco" məhsullarının satıldığından əmin olmaq üçün tütün məhsulları satılan obyektlərə üz tutduq. Burada da çox axtarmağa ehtiyac olmadı. Öyrəndik ki, şirkətin Azərbaycanda ən çox istifadə olunan tobak məhsulları "Siberia", "White fox" və "Odens"dir. Məhsulun üzərində Azərbaycan dilində yazılan informasiya etiketi isə məhsulun ölkəyə qanuni əsaslarla gətirildiyindən xəbər verir.

Satıcının dediyinə görə, məhsul Azərbaycana Rusiyadan gətirilir. "GN Tobacco" şirkətinin region üzrə mərkəzi də elə Rusiyadır. Vergilər Nazirliyindən aldığımız məlumatdan da aydın oldu ki, idxalçı şirkət qeydiyyatdadır və vergi ödəyicisidir. "GN Tobacco"nun İsveç, Gevork Nalbandyanın isə həmin ölkənin vətəndaşı olduğu üçün məhsulun Azərbaycanda satışı qadağan edilə bilməz. Çünki dövlətlərarası münasibətlər və hüquqi baxımdan şirkətin sahibinin milliyəti önəm kəsb etmir.

Burada müzakirə mövzusu Gevork Nalbandyan və ailə üzvlərinin seperatçılara və erməni diasporuna dəstək verib-verməməsidir. Bu yerdə qeyd edək ki, İsveç Avropada erməni diasporasının və lobbisinin ən güclü olduğu ölkələrdəndir. Ən böyük Qriqoryan kilsəsi də İsveçdə yerləşir. Hər halda 1937-ci ildən İsveçdə yaşayan, ixtisası üzrə Avropanın ən böyük şirkətindən birinə sahib olan, bu illər ərzində ad, soyad və erməni milliyyətçiliyini qoruyan Nalbandyan ailəsinin diasporaya dəstək verməməsi inandırıcı görünmür.

Sirr deyil ki, dünya erməniləri yalançı ideyalarının maliyyə yükünü məhz belə böyük şirkətlər hesabına daşıyır. Hətta Gevork Nalbandyanın siyasətlə yaxından maraqlandığı da məlumdur. Ermənistanın idarəçiliyində müəyyən posta gəlmək istəyən birinin 100 illiklərə Böyük Ermənistan xülyasına qatqısının olması təbii ki, şübhə doğurmur. Emil Mirzəyevin sözlərinə görə, hətta 2016-cı ilin Aprel hadisələrindən sonra skandinaviya ölkələrində yaşayan ermənilərin İsveçdə Azərbaycana qarşı kin və nifrət bəsləyən etiraz yürüşünü də Nalbandyan ailəsinin maliyyələşdirdiyi ehtimalı var.

Əldə etdiyimi fakt və informasiyaları Azərbaycan XİN-ə göndərdik. Bildirildi ki, şirkətin sahiblərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti və digər faktlar araşdırılacaq. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. İctimaiyyətin isə üzərinə düşən bir missiya var. Bu məhsulları boykot edib ölkə bazarından çəkilməsinə nail olmaq. Səbəb isə çox sadədir. Tüstüsünü ciyərimizə çəkdiyimiz hər "GN Tobacco" məhsulu Qarabağda ciyərimizi yandıra bilər.
BAKU.WS
VİDEO