SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin bugünki iclasında Büdcə layihəsi müzakirə olunub.

BAKU.WS
xəbər verir ki, deputat Fazil Mustafa çıxışında Büdcə layihəsinin ölkənin həyatında ən ciddi məsələlərdən biri olduğuna görə daha geniş və təfsilatlı müzakirəsinə ehtiyac olduğunu deyib:

"Büdcə elə məsələdir ki, mütləq vətəndaşın həyatında necə əks olunması ilə dəyər verilməlidir. Mən 2 sahədə müqayisə aparmaq istəyirəm; orta aylıq əmək haqqı məsələsi, bir də pensiya və təqaüdlər. Azərbaycanda orta əmək haqqı dollarla götürsək 348 dollardır. Bu rəqəm bu ilin aprel ayının 1-nə olan məlumata görə bu rəqəm Gürcüstandan 60 dollar, Belarusdan 133 dollar, hətta Ermənistandan 26 dollar azdır.

Halbuki bizim iqtisadi gücümüz əhalinin orta əmək haqqını daha yüksək səviyyəyə qaldırmağa imkan verir. Pensiyalarda da təqribən eyni vəziyyətdir. Azərbaycanda pensiyaçıların sayı azdır. Təqaüdün məbləği isə aşağıdır. Müqayisə üçün MDB Statistika komitəsinin məlumatına istinad edərkən görürük ki, Azərbaycanda 1000 nəfərə 130, Ermənistanda isə 154, Qazaxıstanda 157, Ukraynada 264, Belarusda 273 pensiyaçı düşür". 

Deputat çıxışında qeyd edib ki, Azərbaycanla eyni əhalisi olan Belarus 2 594 000 təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycanda isə 1 299 000 və ya əhalinin 13 faizinə pensiya verir:

"Görün nə qədər böyük fərq var. Bu da Azərbaycanda yaşayış səviyyəsinin aşağı olmasına gətirib çıxaran amillərdən biridir. Bizdə əmək pensiyaların orta məbləği Rusiyadan 2 dəfə, Qazaxıstan və Belorusdan 1,5 dəfə aşağıdır". 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO