SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, Şəki şəhərində uzun illərdir mövcud olan körpünü bir sahibkar təmir edib və həmin şəxsin körpüdən istifadəyə görə, hər sürücünün 1 AZN pul ödəməli olduğu haqda tapşırıq verib.

Bəs sahibkarın bu addımı nə dərəcədə doğrudur?

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı "bizimyol.info"ya açıqlama verən yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən addımın dələduzluq, soyğunçuluq və tamahkarlıq olduğunu bildirib:

“ O adam doğrudan da kəndi, eli, obası üçün faydalı bir iş görmək istəyirdisə, bunu xeyriyyə adı ilə də etmək olardı. Yoxsa hansısa körpü xarab olub və mən onu düzəldib pullu edirəm, bu artıq biabırçılıqdır. Mən həmin insanı araşdırmışam. O, uzun illər meşələri qırıb və yerində istirahət mərkəzi tikdirib. Heç kim ona bir söz deməyib. İndi bu şəxs öz obyektinə gələn müştəri üçün yol düzəldib və ondan da pul alır. Yəni tamahkarlığın həddinə baxın ki, bu adam öz obyektindən qazandığı pul ilə kifayətlənməyərək körpüdən keçid üçün də pul ilə edib. Bu, dələduzluq, soyğunçuluq və tamahkarlıqdır. Həmin şəxsin fəaliyyəti araşdırılmalı və ona inzibati cəza tətbiq olunmalıdır. Adam öz millətinə düşmən kəsilməz”.

Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli isə məsələyə münasibət bildirərək sözügedən halın təsadüf ola biləcəyini vurğuladı:

“Bununla bağlı hətta Şəki İcra Hakimiyyəti ilə də əlaqə saxlamışıq. Bir nəfər təsadüfən orada durub kimdənsə pul istəyə bilər. Ora heç körpü də deyil. Sadəcə olaraq borunun üzərinə daş, torpaq tökülüb. Çünki digər tərəfdə istirahət üçün obyekt var. O sahibkar özü həmin əraziyə gedib-gəlmək üçün şərait yaradıb. Amma orada durub pul istəməyə nə sahibkarın ixtiyarı var, nə də başqa birinin. İcra Hakimiyyətindən də dedilər ki, bu, ola bilər ki, təsadüfdür. Sözügedən halın davamlı olması mümkün deyil”.

BAKU.WS