SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün "Baku Tv"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Gedib hətta itim ölən yeri ziyarət etmək istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın, Vedibasar mahalının, Vedi rayonunun Arazdöyən kənd sakini, Əməkdar artist Aydın Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, oxuduğu orta məktəbə necə qəbul olunmasından danışıb:

“Mən ilk dəfə Arazdəyəndə 1961-ci ildə məktəbə gəldim. Yeddi yaşım olmamışdı deyə, məni məktəbə götürmək istəmirdilər. Bizə ikinci, üçüncü sinifdən sonra erməni və rus dili dərsi keçirdilər. Kəndimizdə 3-4 millət var idi.

Ermənilər və azərbaycanlı uşaqlar, müsəlman uşaqlar həmişə bir yerdə yığışardıq, top oynayardıq. Sonra nərd oynayar, qarmon, nağara çalardılar. Musiqi günlərimiz də olurdu.

Məktəbin yanında şumluq ərazi var idi, orada at çapardıq, at, güləş, voleybol, futbol yarışları keçirərdik. Həmişə Cermux, Vedinin Çimən zonasından Böyük Çimən dağına qalxardıq. Çox gözəl yaylaqlarımız var idi. Araza qarışan suda balıq tutardıq, quzu otarardıq”.

Kəndi tez-tez yuxuda gördüyünü, erməni daşnakların məkrli hərəkətlərindən söz açıb:

“Ermənilər gəlib açıqca deyirdilər ki, buradan köçün gedin. Elə oldu ki, mən o vaxtlar texnikumu qurtarandan sonra İrəvan teatrında işlədim, 1981-ci ildə İncəsənət İnstitutunu qurtardım.

1985-ci ildə yenidən kəndimizə qayıtdım və İrəvan Teatrına getdim. Bizi çox sıxışdırırdılar. 1988-ci ilin sonu, 1989-cu ilin əvvəlləri o teatrı tamamilə yandırdılar”.

Onun sözlərinə görə, atasıgil oradan çox çətin vəziyyətdə qaçıb:

“Oradakı ermənilər bir-birinə deyirdilər ki, evləri almayın, onsuz da azərbaycanlılar gedəcəklər, pullarını verməyin. Hətta onlar postdan keçəndə nələri var idi əllərindən almışdılar.

Son günlər evlərə gecə hücum edirdilər, evləri talayırdılar. Hazırlanmış dəstələr var idi, bir-bir kəndlərə gəlirdilər, camaatı o vəziyyətə salırdılar ki, özləri çıxıb getsin.

Çoxu Sədərəyə qaçmışdı. Erməni vəhşiliyini çox gördük. Pənah əmini ermənilər zəhərləyərək öldürdülər, əmim Bəhlul kişini İrəvanda hamamda boğub öldürdülər, xalamın əri Məhəmmədəli kişini öldürdülər. Ermənilər bizimkiləri şərləyib tutdururdular”.

Əməkdar artist gec-tez doğulduğu ata-baba yurduna qayıdacağına əmin olduğunu vurğulayıb: “Bu vəziyyəti bizə dövlətimizin başçısı yaratdı. Biz ona qədər, son illərə qədər, o 44 günlük müharibəyə qədər bu barədə heç fikirləşmirdik. Biz öz yurdumuza-yuvamıza qayıdacağıq. O yerlər mənim üçün çox əzizdir. Orada qohumlarımın, əqrəbalarımın qəbirləri var. İnşallah, arzumuza çatacağıq. Vətən bizimdir, bizim də olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 6-da saat 19:30-da "Baku Tv"nin efirində və yutub kanalında yayımlanıb.

BAKU.WS
VİDEO