"Sabah" klubu 10 milyon manatlıq layihə həyata keçirəcək

Sabah klubu 10 milyon manatlıq layihə həyata keçirəcək
İdman 34

"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq.

BAKU.WS xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.

Klub göstərilən dəstəyi Azərbaycan futbolunun gələcəyinə yönəltmək məqsədilə UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun inkişafına ayırmaq qərarına gəlib.

Beləliklə, "Sabah Football Academy Future Talents" ("Sabah Futbol Akademiyası – Gələcəyin istedadları") proqramının ilkin kapitalı 10 milyon manat təşkil edəcək. Bu məbləğin 5 milyon manatı dövlət dəstəyi, digər 5 milyon manatı isə klubun öz vəsaiti hesabına formalaşdırılacaq.

Proqramın əsas prinsipi ilkin kapitalı xərcləmək deyil, qorumaq və artırmaqdır. Vəsaitin peşəkar şəkildə idarə olunaraq gəlir gətirməsi və uzunmüddətli maliyyə mənbəyinə çevrilməsi nəzərdə tutulur.

Bundan əlavə, klubun bu il UEFA Çempionlar Liqasında keçirdiyi oyunlara bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsi də proqrama yönəldiləcək.

Layihənin əsas məqsədi uşaq futbolunun davamlı inkişafını təmin etmək, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığını gücləndirmək, müasir məşq metodlarını tətbiq etmək, həmçinin idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf istiqamətlərini inkişaf etdirməkdir.

"Sabah" ölkə üzrə istedadların aşkarlanması sistemini genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.

Klub həmçinin təşəbbüsün AFFA uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini bildirib.

Uzunmüddətli perspektivdə "Sabah" Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirməyi, akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi planlaşdırır.

"Sabah" ölkə şirkətlərinə və beynəlxalq tərəfdaşlara təşəbbüsə "Bünövrə Tərəfdaşı" formatında qoşulmaq imkanı yaradacaq.

Klub proqramın fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər