"Neftçi" ilk üçlükdə yer ala biləcək?
"Neftçi"nin son oyunlarına baxanda müəyyən irəliləyiş aydın görünür. Komanda oyun baxımından əslində Samir Abbasovun həm əvvəlki, həm də son dönəmində də pis təsir bağışlamırdı və əsas problem qol epizodlarının reallaşdırılmaması idi".
Bunu BAKU.WS-ə açıqlamasında sabiq futbolçu və mütəxəssis Aslan Kərimov bildirib.
O əlavə edib ki, qış fasiləsindən sonra dəyişən klubun oyun strukturu çox dəyişməsə də, komanda vurduğu qolların sayını artırıb:
"Xüsusilə Sambo fiziki hazırlığı, əzmkarlığı və mübarizliyi hesabına daha effektiv görünür. Texniki baxımdan böyük sıçrayış olmasa da, məhsuldarlıq artıb. Abubakarın gəlişi ilə bağlı böyük gözləntilər var idi, amma komandanın yüksəlişini yalnız onun transferi ilə bağlamaq doğru olmaz. Əksinə, baş məşqçi Vernidubun hazır olmayan futbolçunu əsasən ikinci hissədə, son dəqiqələrdə meydana buraxması və təcrübəsindən məhdud zaman çərçivəsində istifadə etməsi daha məntiqli addım kimi görünür və bu da müəyyən effekt verir.
Üçlüyə düşmək məsələsinə gəlincə, burada vəziyyət xeyli mürəkkəbdir. "Qarabağ" və "Sabah"ı geridə qoymaq real görünmür – həm xal fərqi, həm də potensial baxımından bu, çox çətin ssenaridir. Hazırda əsas rəqiblər "Turan Tovuz", "Zirə" və müəyyən mənada "Sumqayıt"dır. "Araz Naxçıvan" isə sanki tempdən bir qədər düşür və bu, "Neftçi" üçün nisbi üstünlük yarada bilər.
Amma məsələ ondadır ki, hər şey təkcə "Neftçi"dən asılı deyil. Komanda öz oyunlarını qazansa belə, rəqiblər də paralel şəkildə xal toplasa, turnir cədvəlində ciddi sıçrayış etmək mümkün olmayacaq. Son üçlüyə yüksəlmək üçün həm maksimum nəticə göstərmək, həm də rəqiblərin büdrəməsini gözləmək lazımdır.
Bu baxımdan vəzifə çətin görünür. Ancaq komandanın hazırkı dinamika və motivasiyasına baxsaq, mövsümün sonuna qədər mübarizəni davam etdirəcəkləri şübhə doğurmur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan UNESCO-da büronun sədr müavini seçildi
2026-ci ilin 17-20 fevral tarixlərində UNESCO-nun mənzil-qərargahında Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitənin 19-c...